Üç ölkənin iştirakı ilə keçirilən hərbi təlimdə müasir avadanlıqlarla təchiz edilmiş mobil səhra hospitalının fəaliyyətə hazırlığı qiymətləndirilib.
Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində məşqlərin gedişatını izləyib.
Bildirilib ki, əvvəlcə rəhbər heyət təlim üzrə yaradılan vahid qərargahda birgə əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin qərarlarına dair məruzələrini dinləyib.
Sonra təlim ərazisində açılan səhra hospitalında olan müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilmiş mobil səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazırdır.
Daha sonra Nazirliyin rəhbər heyəti təlim iştirakçıları üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə maraqlanıb, yataqxanada və yeməkxanada olub.
Məruzə edilib ki, təlimin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsi üçün təlim rayonlarında bütün imkanlar yaradılıb.
Sonda müdafiə naziri birgə əməliyyatların keçiriləcəyi ərazi ilə tanış olub, təlimə hazırlıq məşqlərini izləyib və təlim rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.