SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şamaxıda informasiya məkanında dini etiqad azadlığı mövzusunda konfrans keçirilir

Şamaxıda informasiya məkanında dini etiqad azadlığı mövzusunda konfrans keçirilir

Şamaxı

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib.

Yurd.Media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Konfransın açılışında Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Şamaxının tarixi irsinin və fəlsəfi məktəblərin məzmunu, araşdırılıb, öyrənilməsi və yenidən tətbiqi üçün çox vacib addımlar atılır:

"Şamaxının tarixi abidələri, ziyarətgahları bərpa olunur, ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir. Burada müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayır, harmonik cəmiyyət qurulub. Azərbaycanın son illərdə atdığı addımlar ümumilikdə humanizm nümunəsidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov konfransın açılışında qeyd edib ki, bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur.

Onun sözlərinə görə, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır:

"Məqsəd təkcə Azərbaycana, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyəti milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması özü ilə yeni imkanlar, eyni zamanda yeni risklər gətirir".

Komitə sədri qeyd edib ki, bu sahədə etik sərhədlərin qorunması və vahid yanaşmaların formalaşdırılması qlobal media gündəminin əsas mövzusuna çevrilib:

"İndi bizim cavab verməli olduğumuz ən vacib sual bundan ibarətdir: bu çağırışlara hazırıqmı? Belə mürəkkəb və sürətlə dəyişən şəraitdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, ideoloji təhlükəsizliyini qorumaq üçün resurslarımızdan necə istifadə etməliyik? Bu suallar həm də ona görə aktualdır ki, din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur".

R.Məmmədov əlavə edib ki, dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, dövlətlərin əlində ideoloji silaha çevrilərək, müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir:

"Belə məqamlarda medianın ictimai və dövlət mənafelərini qorumağı hədəfləyən fəaliyyəti cəmiyyətdə dini harmoniyanı, həmrəyliyi, konsensusu təmin etməyə mühüm töhfə verir.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında bildirib ki, Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə və xurafata qarşı mübarizə aparmaq olub.

O qeyd edib ki, indi də jurnalistlərin bu missiyası davam edir:

"Ona görə dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır. Şamaxının ab-havası, ruhani iqlimi isə qısa müddətlik gəlsək də bu ab-hava bizi tərk etməyəcək".

Qeyd edək ki, tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.

Konfrans iki əsas panel sessiyadan ibarət olacaq:

“Din-media münasibətləri: yeni hədəf və çağırışlar” adlı birinci panelə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edəcək. Sessiyada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev, həmçinin şair-yazıçı Şəhriyar Del Gerani mövzu ətrafında çıxış edəcəklər.

“Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı ikinci panel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçiriləcək. Paneldə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev, “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidentinin müşaviri, Əməkdar jurnalist Etibar Babayev və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Amin" proqramının aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgün iştirak edəcəklər.

Konfrans çərçivəsində media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara media-tur da təşkil olunacaq.

Prime Leasing