"Ramiz Mehdiyev barədə istintaq və məhkəmə qərarı ictimaiyyət üçün gözlənilən idi. Riyakarlıq, gizli intriqalar ustası, açıq polemikadan qaçan, “çörəyi dizi üstə olan”, “yaxşılığa yamanlıqla” cavab verən şəxs, nəhayət, lazımı cəzasını alır. Çünki atdığı addımlar cəzasız qala bilməzdi".
Yurd.Media xəbər verir ki, bunu Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənovun APA-ya müsahibəsində deyib.
O qeyd edib ki, nazir olduğu dövrdə Ramiz Mehdiyevin nə xarici siyasətə, nə Xarici İşlər Nazirliyinə heç bir təsiri yox idi:
“Mən gedəndən sonra nazirlər danışırdılar ki, bizim bütün işlərimizə qarışır. 2004-cü ildə möhtərəm Prezident İlham Əliyev məni Macarıstana, 2010-cu ildə Polşaya səfir təyin etdi, 16 il səfir oldum. Bütün bu müddət ərzində Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. 5-6 dəfə mənim, ailə üzvlərimin taleyinə müdaxilə etmək, pislik etmək üçün çalışdı. Amma heç nəyə nail ola bilmədi. Hərəkətlərinin qarşısını məntiqim hesabına dərhal alırdım. Hər dəfə də özünə zəng edib, intriqaları ilə bağlı sözlərimi sərt şəkildə deyirdim. Mənə pislik etmək istəyi Ramizin beynində illərlə qalmışdı. Amma bacarmadı. Əksinə, mənə etdiyinin 10 qatını ona sözlə qaytarırdım”.
Həsən Həsənov qeyd edir ki, Mehdiyev açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi: “O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb. İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir. İlham Əliyev heç bir vəzifədən gedəni o hörmətlə yola salmadı, amma Ramizi yola saldı”.