Quba rayonunda “Zəfər 5 il” mövzusunda könüllülər düşərgəsi baş tutub.
Yurd.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə təşkil olunan düşərgə ümumilikdə ictimai fəallığı ilə seçilən 150 könüllü gənci bir araya gətirib. 30 oktyabr - 3 noyabr tarixlərini əhatə edən düşərgənin məqsədi könüllü gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və qazanılmış Zəfərin əhəmiyyətini təbliğ etmək, dövlətçilik ənənələrini və milli dəyərləri inkişaf etdirmək, könüllülərin bu dəyərlərə bağlılığını artırmaq, həmçinin onların şəxsi inkişafına və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsini genişləndirməkdir.
Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.
Beş gün davam edən düşərgə çərçivəsində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, Vətən müharibəsi qazilərinin iştirakı ilə panel görüş, komanda oyunları, intellektual oyunlar, kreativ master-klasslar və vörkşoplar baş tutub.
Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “SəhnədəSƏN!” yarışı təşkil edilib.
Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob baş tutub.