Təqvim artıq oktyabrı göstərir. Yayın isti və uzun günləri geridə qalıb, şəhərin üzərinə payızın sakitliyi çöküb. Səhərlər daha sərin açılır, axşamlar tez düşür, ağacların yaşıl yarpaqları isə yavaş-yavaş sarıya, qızıla və qəhvəyiyə boyanır.
Küçələrdə addımladıqca ayaqlarının altında xışıldayan yarpaqlar payızın gəldiyini bir daha xatırladır. Bəzən göydən süzülən yağış, bəzən də ağacların arasından əsən sərin külək bu fəslin özünəməxsus ab-havasını tamamlayır.
Payız bir az ayrılıq, bir az sakitlik, bir az da düşünmək fəslidir. Təbiət sanki yavaşlayır, insanlar isə öz iç dünyalarına daha çox qapanırlar. Yayın gurultusundan sonra payız insana dayanıb nəfəs almaq, keçən günlərə nəzər salmaq və qarşıdakı günləri düşünmək üçün fürsət verir.
Bəlkə də buna görə payızın özünəməxsus bir gözəlliyi var. Yarpaqlar tökülsə də, şəhər rəngini itirmir. Əksinə, başqa bir rəngə bürünür.
Yurd.Media Bakının bu çağından fotosessiyanı təqdim edir.