SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qorxulu kağızlar, canlı laboratoriya - Çernobıl gizlinlərinin şahidindən MÜSAHİBƏ

Qorxulu kağızlar, canlı laboratoriya - Çernobıl gizlinlərinin şahidindən MÜSAHİBƏ

26 aprel 1986-cı ildə bəşəriyyət tarixinin ən böyük texnogen fəlakətlərindən biri – Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda baş verən partlayış və yanğın nəticəsində geniş ərazilər güclü radioaktiv çirklənməyə məruz qaldı. Hadisədən dərhal sonra AES ətrafında yerləşən 30 kilometrlik ərazi tam qapalı zona elan edildi və uzun illər – faktiki olaraq onilliklər ərzində yaşayış üçün yararsız hesab olundu.

Rəsmi məlumatlara görə, qəzanın nəticələrinin aradan qaldırılması üçün ümumilikdə təxminən 600 min insan – hərbçilər, mülki şəxslər, mühəndislər və fəhlələr cəlb olunmuşdu. Bu prosesə cəlb olunanların 8500 nəfərini Azərbaycan vətəndaşları təşkil edirdi. Onlardan 2100 nəfəri qəza zonasında birbaşa likvidasiya işlərində iştirak edənlər, digərləri isə radiasiyadan zərərçəkmişlərdir. 

Yurd.Media-ya açıqlama verən Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov həmin hadisələrin içində olmuş bir iştirakçı kimi yaşananları geniş şəkildə xatırlayıb.

“Heç kim nə baş verdiyini bilmirdi”

Mirhəsən Həsənov bildirib ki, o, hərbi xidmət zamanı Çernobıla göndərilib və qəzanın nəticələrinin ləğvi işlərində 30 kilometrlik zonada 1 il 6 ay iştirak edib:

“Əsasən əhalinin təxliyəsi, ərazinin mühafizəsi, çirklənmiş sahələrin təmizlənməsi kimi işlərdə iştirak edirdik. Amma açıq demək lazımdır ki, sıravi əsgərlərdən həqiqət gizlədilirdi. Heç kim real vəziyyətin nə qədər təhlükəli olduğunu bilmirdi".

Onun sözlərinə görə, qəza zamanı AES-də qəza baş verdikdə işə düşməli olan təhlükəsizlik sistemləri faktiki olaraq işləməmiş, nəticədə 4-cü reaktorda güclü partlayış və ardınca genişmiqyaslı yanğın baş vermişdi.

“İlk mərhələdə yanğını söndürmək üçün xüsusi robotlar göndərildi, lakin yüksək radiasiya şəraitində texnika işləmədi. Bundan sonra qərar verildi ki, canlı qüvvə istifadə olunsun. Təəssüf ki, ilk müdaxilə edən yanğınsöndürənlərin demək olar ki, heç biri sağ qalmadı".

Kütləvi səfərbərlik və gizli əmrlər

Hadisədən dərhal sonra SSRİ üzrə genişmiqyaslı hərbi səfərbərlik elan olundu. Təkcə həqiqi hərbi xidmət keçənlər deyil, ehtiyatda olan minlərlə insan da yenidən xidmətə çağırıldı.

 “Xüsusilə müsəlman respublikalarından gələnlər çox idi. Minlərlə insan ora göndərildi. Amma heç kimə əsl səbəb açıqlanmırdı".

Çernobıl qəzasının ləğvi prosesinin ən çətin tərəflərindən biri isə nəzəri biliklərin praktiki olaraq faydasız qalması idi. Reaktordakı temperatur və radiasiya səviyyəsi o qədər yüksək idi ki, texniki imkanlar bu vəziyyətə uyğun deyildi. Hətta radiasiyanı dəqiq ölçən cihazlar belə kifayət qədər deyildi.

 “Qəzanın ən ağır işlərini yerinə yetirənlər – reaktora yaxın məsafədə çalışanlar qısa müddətdə yüksək doza şüalanma alırdı və çoxu sonradan həyatını itirdi".

“Ora canlı laboratoriya idi”

Mirhəsən Həsənovun sözlərinə görə, Çernobıl zonası faktiki olaraq “canlı laboratoriyaya” çevrilmişdi:

“Biz orada bir növ eksperiment iştirakçıları idik".

Pripyat şəhərinin təxliyəsi zamanı əhaliyə bildirilib ki, qısa müddətə geri qayıdacaqlar. Lakin sonradan əmr verilib ki, evlərdə qalan bütün əşyalar və heyvanlar məhv edilsin.

“Bu artıq vəziyyətin ciddiliyini göstərirdi, amma yenə də bizə heç nə izah olunmurdu".

Əsgərlərin yaşadığı psixoloji vəziyyət isə son dərəcə ağır olub:

“Ətrafda hər şey var idi – mağazalar, kafelər, evlər... amma insan yox idi. Bu, insanın psixologiyasına çox ciddi təsir edirdi".

Qorxu yaradan “listovkalar” və naməlum təhdidlər

Ərazidə əsgərləri təşvişə salan digər bir məqam isə mənşəyi bilinməyən vərəqlər olub:

“Kiçik kağız parçaları idi. Üzərində skelet şəkilləri, xəstə uşaqların təsvirləri və "siz də belə olacaqsınız", "uşaqlarınız xəstə doğulacaq", "buradan qaçın" kimi qorxulu yazılar var idi. Haradan gəldiyini bilmirdik".

Sağlamlıq problemləri və gizli diaqnozlar

Qəza iştirakçıları mütəmadi olaraq tibbi yoxlamalardan keçirilir, onlara çoxlu dərmanlar verilirdi. Lakin onların real sağlamlıq vəziyyəti barədə açıq məlumat verilmirdi:

“Xəstəlikləri başqa səbəblərlə izah edirdilər. Radiasiya faktoru açıq deyilmirdi. Heç kim necə müalicə edəcəyini dəqiq bilmirdi".

Bəzi hallarda yoxlamadan sonra insanların yoxa çıxması isə əlavə narahatlıq doğururdu.

Sarkofaqın tikilməsi və ilkin nəticələr

1986-cı ilin 30 noyabr tarixində qəza reaktorunun üzərində qoruyucu “sarkofaq”ın tikintisi başa çatdırıldı. Bununla radiasiyanın ətrafa yayılması müəyyən qədər məhdudlaşdırıldı.

14 dekabr tarixində isə alimlər tərəfindən qəzanın ilkin ləğv mərhələsinin tamamlandığı elan olundu.

Vətənə qayıdış və uzunmüddətli problemlər

Mirhəsən Həsənov qeyd edir ki, o, hərbi xidmətinin bitməsinə 3 ay qalmış sağlamlıq səbəbilə geri göndərilməli olsa da, imtina edərək xidmətini davam etdirib:

“O dövrdə "xidmətə yararsız" statusu almaq utanc sayılırdı. Mən də sona qədər qaldım".

Lakin əsas problemlər iştirakçıların vətənə qayıdışından sonra başlayıb. Onların aldığı şüalanmanın nəticələri uzun müddət gizli saxlanılıb və bu insanlar faktiki olaraq tibbi eksperiment kimi müşahidə olunublar.

Sosial hüquqlar uğrunda mübarizə və qanunvericilik

1990-cı illərdə SSRİ-nin dağılması ilə Çernobıl iştirakçıları öz hüquqlarını tələb etməyə başladılar. Uzun müddət onlar rəsmi olaraq əlil statusu ala bilmirdilər.

Bu istiqamətdə mühüm addımlar:

29 may 1990-cı il, 225 saylı qərar – SSRİ Nazirlər Soveti tərəfindən müəyyən məhdud sosial imtiyazlar təsdiqləndi

20 dekabr 1990-cı il, 577 saylı sərəncam – Azərbaycanda tibbi komissiyanın yaradılması qərara alındı

27 iyun 1991-ci il – Azərbaycanda Çernobıl iştirakçıları üçün xüsusi tibbi komissiya fəaliyyətə başladı

Bundan əvvəl iştirakçılar yalnız Ukraynada fəaliyyət göstərən komissiyadan keçə bilirdilər və bu, ildə cəmi bir dəfə mümkün olurdu.

1992-ci ildə əlavə sosial təminatlar haqqında fərman qəbul edildi. Bu sənədlər əsasən II Dünya Müharibəsi iştirakçılarının hüquqları nümunə götürülərək hazırlanmışdı.

Lakin həmin dövrdə siyasi dəyişikliklər səbəbilə Çernobıl iştirakçılarına münasibət birmənalı olmayıb. Hətta onların “Azərbaycan üçün xidmət etmədiyi” kimi fikirlər də səsləndirilirdi.

Hazırlanan qanun layihələrindən biri parlament binasında baş verən yanğın nəticəsində məhv olub və uzun müddət bu sahədə hüquqi boşluq yaranıb.

Dövlət qayğısı və sonrakı mərhələ

Heydər Əliyev Naxçıvanda rəhbərlik etdiyi dövrdə Çernobıl iştirakçılarına əlillik statusunun ömürlük verilməsi ilə bağlı qərarlar qəbul edildi. Daha sonra onun hakimiyyətə qayıdışından sonra bu status bütün Azərbaycanda tətbiq olundu.

Sonrakı illərdə mənzil təminatı, avtomobil verilməsi, Prezident təqaüdü, sosial müavinətlər kimi dəstək mexanizmləri həyata keçirildi.

“Ən böyük faciə – gələcək nəsillərdir”

Mirhəsən Həsənov sonda bildirib ki, bu gün sosial problemlər qismən həll olunsa da, əsas faciə davam edir:

 “Biz yaşadıqlarımızı yaşadıq. Amma ən böyük ağrı – xəstə doğulan uşaqlardır. Bu Çernobılın ən ağır və unudulmayan nəticəsidir".

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları