SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Protoierey Konstantin: Pasxa xristian inancının mərkəzi hadisəsidir - MÜSAHİBƏ

Protoierey Konstantin: Pasxa xristian inancının mərkəzi hadisəsidir - MÜSAHİBƏ

Azərbaycan iyeparxiyasının mətbuat katibi, protoierey Konstantin Yurd.Media-ya müsahibə verib. 

— Pravoslav Pasxası qeyd olunur. Azərbaycanda bu bayramın keçirilməsində fərqlər varmı?

— Əhəmiyyətli fərq yoxdur. Bu, bütün pravoslav xristianlar üçün ən böyük bayramdır və Yunanıstanda, İsraildə, Rusiyada necə qeyd olunursa, burada da eyni şəkildə keçirilir. Fərqlər daha çox məişət və milli ənənələrlə bağlı olur. Məsələn, Yunanıstanda kuliç bişirilmir, onların özünəməxsus bayram yeməkləri var. Amma yumurtaların boyanması kimi ənənələr hər yerdə mövcuddur.

Pasxa xristian inancının mərkəzi hadisəsidir. Həvari Pavel deyirdi ki, əgər Məsih dirilməsəydi, imanımız əbəs olardı. Tarixdə çoxlu müəllimlər və peyğəmbərlər olub, lakin məhz İsa Məsihin dirilməsi xristianlar üçün Tanrı səltənətinin insanlara açıldığının əsas sübutudur.

— Pasxaya hazırlıq necə gedib?

— Hazırlıq Pasxadan 40 gün əvvəl — Böyük Oruc dövrü ilə başlayır. Bu, mənəvi çalışma dövrüdür: insan qidada və əyləncələrdə özünü məhdudlaşdırır, dua edir, tövbə edir, ruhunu və düşüncələrini təmizləməyə çalışır.

Daha sonra Pasxadan əvvəlki son 7 gün — Müqəddəs (Ehtiraslı – red.) həftə başlayır. Bu günlərdə möminlər İsa Məsihin yer üzündəki son günlərini — əzablarını, Qolqofaya gedən yolunu, çarmıxa çəkilməsini və vəfatını xatırlayırlar. Ardınca Böyük şənbə gəlir — Məsihin məzarda olduğu gün. Daha sonra isə möminlər İsa Məsihin Dirilməsi bayramını qarşılayırlar.

— Pasxanın tarixi necə hesablanır?

— Pasxanın sabit tarixi yoxdur. Kilsə ənənəsinə görə, İsa Məsih qədim yəhudi təqviminə əsasən Nisan ayının 14-cü günündə dirilmişdir. Buna görə də müasir dövrdə bayramın tarixi ay təqvimi əsasında müəyyən edilir.

Pravoslav Pasxası mütləq şəkildə yəhudi Pasxasından sonra qeyd olunur. Bu, prinsipial məsələdir, çünki əvvəlcə İsa Məsih şagirdləri ilə birlikdə yəhudi Pasxasını qeyd etmiş, daha sonra çarmıxa çəkilmiş və dirilmişdir. Hesablamalar qədim Bizans ənənəsinə əsaslanır: Pasxa yəhudi Pasxasından sonrakı ilk dolunaydan sonra gələn ilk bazar günü qeyd olunur.

Beləliklə, Pasxa adətən aprelin əvvəlindən mayın əvvəlinə qədər olan dövrə təsadüf edir. Ən erkən tarix 4 aprel, ən gec tarix isə 9 maydır.

— Kuliç və boyanmış yumurtalar dini simvoldur, yoxsa xalq ənənəsi?

— Burada həm dini məna, həm də xalq ənənələri birləşir. Yumurtanın qırmızı rəngə boyanması Məryəm Maqdalenanın adı ilə bağlıdır. Rəvayətə görə, o, Roma imperatoru Tiberiyin qəbuluna gedərək İsa Məsihin dirildiyini xəbər verib. İmperator buna inanmayaraq deyib ki, bu, yumurtanın qırmızı olması qədər mümkünsüzdür. Həmin anda isə yumurta qırmızı rəngə çevrilib.

Digər tərəfdən, yumurta özü həyatın rəmzidir — qapalı qabıq içində yeni həyatın yaranması İsa Məsihin dirilməsi ilə müqayisə olunur.

Kuliç də dərin simvolik məna daşıyır. O, taxıldan hazırlanır, taxıl isə həyatın və yenilənmənin rəmzidir — torpağa düşərək yeni həyat verir. Ümumiyyətlə, çörək bir çox dinlərdə həyatın simvolu hesab olunur. Rəvayətə görə, Adəm cənnətdən qovulduqdan sonra göz yaşları ilə taxılı üyüdərək ilk çörəyi hazırlayıb.

Kuliçlərin bəzədilməsi — şirə, qlazur və səpintilər isə daha çox xalq ənənəsi, bayramı gözəl qarşılamaq istəyinin ifadəsidir.

— Azərbaycanda neçə pravoslav kilsəsi fəaliyyət göstərir?

— Hazırda Azərbaycanda 7 pravoslav kilsəsi fəaliyyət göstərir: onların 3-ü Bakıda, hərəsi bir olmaqla Sumqayıt, Xaçmaz, Gəncə və Lənkəranda yerləşir. Bundan əlavə, İsmayıllı rayonunun İvanovka kəndində pravoslav icması mövcuddur. Həmçinin Rusiya Federasiyası və Belarus Respublikasının səfirliklərinin ərazisində iki ibadətgah fəaliyyət göstərir.

— Son illərdə kilsəyə gələnlərin sayında dəyişiklik varmı?

— Daimi ibadət edənlərin sayı ümumilikdə sabit qalır. Lakin son illərdə miqrasiya fonunda Azərbaycana Rusiyadan və Ukraynadan gələnlərin sayı artıb və bu, xüsusilə bayram günlərində iştirakın müəyyən qədər artmasına səbəb olub.

Eyni zamanda qeyd etmək lazımdır ki, bir çox insanlar özlərini xristian hesab etsələr də, daha çox dünyəvi həyat tərzi sürür və əsasən Pasxa, Milad, Palma bazarı kimi böyük bayramlarda kilsəyə üz tuturlar.

— Bəzi fikirlərə görə, kilsəyə marağın az olmasının səbəbi maarifləndirmənin zəif olmasıdır. Siz necə düşünürsünüz?

— Mən bunu “zəif iş” kimi qiymətləndirməzdim. Kilsənin məqsədi insanları cəlb etmək deyil. İman insanın daxili seçimidir. Deyildiyi kimi, “məcburi ibadət olmaz”.

Biz gənclərlə işləyirik, görüşlər keçiririk, bazar məktəbləri fəaliyyət göstərir. Amma insanın daxilində istək yoxdursa, o, kilsəyə davamlı şəkildə gəlməyəcək.

Mən 1976-cı ildən kilsədəyəm və bu müddətdə böyük dəyişikliklərin şahidi olmuşam. Sovet dövründə əsasən yaşlı qadınlar gəlirdi. 90-cı illərdə ziyalı təbəqə — həkimlər, müəllimlər, mühəndislər kilsəyə üz tutmağa başladı. 2000-ci illərdə ortayaşlılar, 2010-cu illərdən etibarən isə gənclər daha fəal iştirak etməyə başladılar. Bu, ailə ənənələrinin ötürülməsi ilə də bağlıdır.

Hazırda yalnız bizim kilsədə bazar məktəbində təxminən 20 uşaq təhsil alır. Belə məktəblər demək olar ki, bütün kilsələrdə fəaliyyət göstərir.

— Azərbaycanda dini mühiti necə qiymətləndirirsiniz?

— Azərbaycan multikultural və tolerant ölkədir. Burada islam, xristianlıq və yəhudilik dinc şəkildə yanaşı mövcuddur.

Dövlət bütün dini icmalara dəstək göstərir, məbədlərin bərpası və tikintisi həyata keçirilir. Bu, təkcə pravoslavlara deyil, digər konfessiyalara — yəhudilərə, katoliklərə və regionun ən qədim xristian icmalarından olan udinlərə də aiddir.

İcmalar arasında qarşılıqlı hörmət, dialoq və əməkdaşlıq mövcuddur. Bu, tarixən formalaşmış bir ənənədir. Azərbaycanda insanlar daha çox milli və dini mənsubiyyətinə görə deyil, şəxsi keyfiyyətlərinə — dürüstlük və xeyirxahlığa görə qiymətləndirilir.

- Sonra nə arzu edərdiniz?

— Pravoslav xristianlara arzum budur ki, Böyük Oruc yolunu layiqincə keçsinlər, qəlblərini təmizləsinlər və Məsihin Dirilməsini saf niyyətlə qarşılasınlar.

Bütün Azərbaycan xalqına isə — milli və dini mənsubiyyətindən asılı olmayaraq — sülh, istilik və rifah arzulayıram. Qoy ölkəmiz inkişaf etsin, bərpa olunsun, uşaqlarımız müharibəsiz bir gələcəkdə yaşasın və hər bir insan mənəvi kamilliyə doğru irəliləsin.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları