SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə iştirak edib - YENİLƏNİB

  • 20 iyul 2025, 08:20
Şuşa

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.

Moderator - “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun:

Zati-aliləri cənab Prezident.

Xanımlar və cənablar, hörmətli qonaqlar.

III Şuşa Qlobal Media Forumuna xoş gəlmisiniz. Biz Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində sizi görməkdən şadıq. Bizim üçün xüsusi olaraq bu gün burada hörmətli media peşəkarlarını, fikri formalaşdıran rəhbərləri və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları görmək şərəfdir. Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.

Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək.

İndi isə mən böyük şərəf hissi ilə sözü Zati-aliləri cənab İlham Əliyevə - Azərbaycan Respublikasının Prezidentinə vermək istəyirəm.

Prezident İlham Əliyev:

Çox sağ olun, Ceyn. Sağ olun.

Mən bütün qonaqlarımızı Qarabağda salamlamaq istəyirəm. Çox sağ olun ki, bizimləsiniz. Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Bununla şərhimi yekunlaşdırıram ki, müzakirə üçün daha çox vaxt qalsın. Bir daha bizimlə olduğunuz üçün təşəkkür edirəm.

Moderator Ceyn Viterspun:

Cənab Prezident, Sizə suallarımızın sayı xeyli çoxdur. Hamı hazırlaşıb gəlib. Gəlin, indi elə birbaşa başlayaq. Birinci sual verən cənab Klaus Piter Ralf Yurgensdir, Londonda yerləşən “Economyfirst Limited”in direktorudur. Buyurun.

Klaus Piter Ralf Yurgens:

Çox sağ olun Zati-aliləri, cənab Prezident.

Yenidən burada olmağıma çox şadam. Dəvətə görə minnətdaram. Ümumiyyətlə, növbədə birinci sualı vermək hər zaman çətindir və ötənilki mövzuya qısaca qayıtmaq istəyirəm. Biz COP29 haqqında çox danışdıq. İndi, düşünürəm, o, böyük uğura çevrildi. Həmin konfrans ilə növbəti konfrans arasında yarı yoldayıq. Siz COP29 tədbirinin irsini necə təsvir edərdiniz? Azərbaycanın bu sahədə formalaşdırdığı siyasətin davamı digər ölkələrdə olacaqmı? Söylədiyiniz kimi, COP29 xüsusi tədbir oldu. Onun irsini necə görürsünüz? Yəni, COP30, 31 və ya 32 də olacaq. Şəxsi təəssüratınızı bölüşsəniz, yüksək dəyərləndirərik. Çox sağ olun.

Prezident İlham Əliyev:

Çox sağ olun. Həqiqətən bu, ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Düşünürəm ki, onlar üçün maraqlı tanışlıq idi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.

Yeri gəlmişkən, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.

İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.

Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz elə konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq. Biz ondan artıq təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik.

Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq. Lakin COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır.

Moderator Ceyn Viterspun:

Peter, təşəkkür edirəm sualınıza görə. İndi isə biz dərhal növbəti suala keçirik. Professor Şerzodxon Kudratxuca. O, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektorudur.

Şerzodxon Kudratxuca:

Salam, hörmətli cənab Prezident. İcazə verin, əvvəlcə Sizi iyulun 4-də Xankəndinin ilk dəfə çox yüksək səviyyədə ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edim. Biz bunun şahidi olduq. Həmçinin burada Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin dövlət səfəri uğurla keçdi. Bizim jurnalistlərin çoxlu təəssüratı var. Biz üçüncü ildir ki, gəlirik, ancaq Xankəndidə ilk dəfə olduq.

Mənim bir neçə sualım var. İcazənizlə, Sizə birinci sualı verim: Keçən həftə Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla Sizin aranızda tarixi görüş oldu. Bu, niyə vacibdir? Niyə bu, son dərəcə mühümdür? Çünki iki ölkə qlobal təlatümlər zamanı, belə bir çətin vaxtda dost olmağın hər halda daha yaxşı olduğunu dünyaya nümayiş etdirdi. Bu, günümüz üçün çox gözəl bir nümunədir. Sizdən soruşmaq istərdim: bir çox suallar arasında Zəngəzur dəhlizi məsələsi də qaldırıldı. Mən bilirəm ki, bu dəhliz, ilk növbədə, Azərbaycan və Ermənistan üçün, həmçinin bizim bütün böyük Xəzər regionumuz üçün çox vacibdir. Amma istərdim ki, bunun böyük Türk dünyası üçün nə qədər əhəmiyyətli olması, onun qarşısında hansı perspektivlər açması üzərində dayanasınız. Çünki aramızda körpü yox idi, inşallah, indi biz birləşəcəyik. Bu, çox maraqlıdır. Keçən il də burada idim, amma təəssüf ki, sual verə bilmədim. Sizə çox şəxsi sualım var. Üçüncü dəfədir ki, Qarabağa gəlirəm və burada maşın sürərkən dönə-dönə müşahidə etdik ki, hər şey əbədiyyətlə nəfəs alır, burada hər daş, hər dağ zikr edir, hər ağac şükür edir. Çünki bu, baş verdi. Burada müşahidə etdim ki, üç il ərzində çoxlu dəyişikliklər baş verib: yollar əladır, avtomobil heç vaxt silkələnmir, çoxlu müasir tikinti var, məscidlərin çoxu təmir olunub. Amma kilsələrin də bərpa olunduğunu görmək məni sevindirdi. Bu, bütün dünyaya Sizin tolerantlığınızı, səbrinizi, nəcibliyinizi göstərir. Ona görə də demək istəyirəm ki, yəqin ki, Uca Tanrımız da bunu bəyənir. Özbəkistan Azərbaycanın dahi Prezidenti Heydər Əliyevi çox yüksək qiymətləndirir və onu çox yaxşı tanıyır. O və bizim Şərəf Rəşidoviç Rəşidov dost olublar. Bunu Özbəkistanda hər kəs bilir. Belə bir sualım var, ona görə də şəxsi dedim. Təəssüflər ki, bugünkü Qarabağı görmək ona nəsib olmadı. Çox çətin bir yol keçsə də, onu görə bilmədi. Amma deyək ki, Uca Tanrının iradəsi olsaydı, 2023-cü ildən sonra bu günü görə bilsəydi, Azərbaycan Prezidentinə yox, təkrar edirəm, Prezidentə yox, Azərbaycan xalqının böyük oğluna nə deyərdi? Onun baxışı, bugünkü əhvali-ruhiyyəsi necə olardı? Sağ olun.

Prezident İlham Əliyev:

Sağ olun. İlk növbədə, ölkəmiz haqqında, Qarabağ haqqında və burada gördüyümüz işlərlə bağlı xoş sözlərinizə görə sizə çox təşəkkür etmək istərdim. Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub. Bildiyiniz kimi, Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk.

Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan otel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək. Hazırda orada tikinti işləri görülür.

Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.

Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.

Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar.

Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq.

Müsahibənin tam mətni ilə Azərbaycan Prezidentinin rəsmi saytında tanış ola bilərsiz.


*** 21:39

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.

Sonda birgə foto çəkdirilib.

Prime Leasing