SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Novruz süfrəsinin sirri: Şef Günel Meyrəli qızı milli mətbəxin incəliklərini açdı

Novruz süfrəsinin sirri: Şef Günel Meyrəli qızı milli mətbəxin incəliklərini açdı

Bakı

Novruz bayramı türk dünyasının ən qədim və zəngin adət-ənənələrindən biridir. Azərbaycan xalqı isə bu ənənələri bu günə qədər qoruyub saxlayaraq yaşadır. Bayram süfrələri, milli şirniyyatlar və ailə dəyərləri bu irsin əsas sütunlarıdır.

Yurd.Media bu dəfə tanınmış aşpaz və müəllim Günel Meyrəli qızının evində qonaq olub. 20 ildən artıqdır müxtəlif restoranlarda fəaliyyət göstərən şef hazırda TikTok platformasında da geniş izləyici kütləsinə sahibdir və eyni zamanda Master CC Akademiyada dərs deyir.

Şef üçün ən doğma mətbəx isə dəyişməz olaraq milli mətbəximizdir:

“Bir tərəfim Maştağalı, digər tərəfim Məhəmmədəli kəndindəndir. Uşaqlıqdan milli yeməklərin hazırlanmasını böyüklərimdən öyrənmişəm. Azərbaycan mətbəxi düzgün və keyfiyyətli məhsullarla hazırlananda həm faydalı, həm də çox dadlı olur”.

Onun sözlərinə görə, peşəkar aşpaz üçün əsas bacarıqlardan biri güclü hissiyyatdır:

“Aşpaz gözü yumulu belə ədviyyatı qoxusundan tanımalıdır. Mənim qoxu və dad hissiyyatım güclüdür. Bu, peşədə çox vacibdir”.

Günel Meyrəli qızı sosial şəbəkələrdə resept paylaşmasının əsas məqsədinin insanlara dəstək olmaq olduğunu deyir:

“Hər kəsin imkanı yoxdur restorana gedib istədiyi yeməyi sifariş etsin. Ona görə hazırladığım reseptləri paylaşıram ki, evdar xanımlar da bu yeməkləri rahatlıqla hazırlaya bilsin”.

Novruz süfrəsinin əvəzolunmaz təamları – paxlava, şəkərbura, qoğal və badambura barədə danışan şef xüsusi vurğulayır ki, bu şirniyyatların dadı birbaşa istifadə olunan məhsullardan asılıdır:

“Dadlı alınması üçün mütləq təbii kərə yağı istifadə olunmalıdır. Palma yağı tərkibli məhsulların əleyhinəyəm”.

Şef həmçinin Novruzun rəmzlərindən olan səməni halvasının hazırlanma prosesindən də danışır:

“Bu təam həm çətin, həm də çox vaxt aparır. Amma bayramın ayrılmaz hissəsidir. Əsas dadı verən təbii və təmiz məhsullardır”.

Müasir dövrdə gənclərin fastfud qidalarına marağına münasibət bildirən Günel Meyrəli qızı bunun əslində yeni bir tendensiya olmadığını düşünür:

“Uşaqlıqda çörək arasında kotlet yeyirdik, indi buna burger deyirlər. Yəni eyni yeməkdir, sadəcə adı dəyişib. Zəmanə ilə ayaqlaşmaq lazımdır”.

Bununla yanaşı, şef milli mətbəxin müasir təqdimatının da mümkün olduğunu qeyd edir:

“Şəkərburanı yalnız ay formasında deyil, gül və ya boxça formasında da hazırlamaq olar. Əsas olan onun dadı və tərkibidir”.

Onun fikrincə, yaxşı yeməyin sirri təkcə reseptdə deyil:

“İnsanın əlindən çox şey asılıdır. Bəzilərinə xəmir işləri daha asan gəlir – bu, bir növ istedad və ya vərdişdir. Bəziləri isə nə qədər çalışsa da, eyni nəticəni əldə etməkdə çətinlik çəkir”.

Şef Günel bildirib ki, o, xüsusilə Bakı kəndlərinin mətbəx ənənələrini təbliğ etməyi sevir və xaricdə olarkən də bu dəyərləri təqdim edir. Onun sözlərinə görə, bu günə qədər 800-ə yaxın tələbə yetişdirib və onların bir çoxu artıq müxtəlif restoranlarda şef kimi fəaliyyət göstərir.

Sonda isə o, ən böyük arzularından birini bölüşür:

“İstəyirəm ki, gələcəkdə kiçik də olsa, öz məkanımı açım və milli mətbəximizi daha geniş şəkildə təqdim edim”.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları