Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Yurd.Media xəbər verir ki, nazir əvvəlcə Tovuz şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.