Bugün Naxçıvan Muxtar Respublikasının yaranmasından 102 il keçir.
Yurd.Media xəbər verir ki, 1924-cü il fevralın 9-da muxtar respublika statusu alan Naxçıvan Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi kimi tarix boyu mühüm siyasi və strateji əhəmiyyətə malik olub. Naxçıvanın muxtariyyət statusunun beynəlxalq hüquqi əsasları 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri ilə təsbit edilib. Həmin sənədlərə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi kimi tanınıb və bu status onun taleyində həlledici rol oynayıb.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Naxçıvan Muxtar Respublikası hazırda 7 inzibati rayondan — Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli rayonlarından ibarətdir. Muxtar respublikanın ərazisində 6 şəhər (Naxçıvan, Ordubad, Culfa, Babək, Şahbuz və Şərur), 8 qəsəbə, 157 kənd inzibati ərazi dairəsi və 203 kənd mövcuddur.
Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.