Bakının mərkəzində keçmişlə gələcəyin görüşdüyü daha bir məkan paytaxtın insanyönümlü şəhərə çevrilməsində mühüm addım oldu.
Yurd.Media xəbər verir ki, Səbail və Yasamal rayonlarını birləşdirən İslam Səfərli küçəsinin yenidənqurmasından sonra Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla Mirzəağa Əliyev küçəsinədək uzanan ərazi tamamilə yenilənib. Küçələr genişlənib, səki yolları nəfəs alıb, yaşıllıq isə bu məkanı yumşaq bir çərçivəyə alıb.
Ən diqqətçəkən məqamlardan biri də bu ərazidən Mərkəzi Parka piyadalar üçün rahat və təhlükəsiz keçidin yaradılmasıdır. Beləliklə, İslam Səfərli küçəsi ilə kəsişən səkkiz küçədə aparılan abadlıq işləri, Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər uzanan yenilənmə Bakının mərkəzində vahid, harmonik bir piyada məkanı formalaşdırıb.
Bu küçələrdə təkcə üzlük daşlar dəyişməyib. Yeraltında su və kanalizasiya xətləri tam yenilənib, qaz xətləri müasir yeraltı sistemlə əvəz olunub. Üzərində isə yeni oturacaqlar, geniş yaşıllıq zolaqları, istirahət üçün sakit guşələr yaradılıb. Burada dayanıb ətrafa baxanda anlayırsan ki, şəhər səni tələsdirmir – qal, otur, yaşa deyir.
XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid memarlıq abidələri ilə müasir şəhərsalma yanaşmasının yanaşı dayandığı bu məkan həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni bir cazibə nöqtəsinə çevrilir.
Bu küçədə gəzərkən bir həqiqət daha aydın görünür: şəhər təkcə binalardan ibarət deyil. Şəhər – addımlayan insanın rahatlığı, dayanıb dincələn ailənin gülümsəməsi, turistin heyran baxışıdır. İslam Səfərli küçəsi isə bu hisslərin hamısını bir yolun üzərində birləşdirə bilən yeni Bakı hekayəsidir.
FOTO: Sadıq Əliverdibəyli