Azərbaycanda çap mediasının həcmi ildən-ilə azalır. Bunun əsas səbəbi rəqəmsal medianın sürətli inkişafıdır. Bu gün insanların əksəriyyəti xəbərləri qəzet və jurnallardan deyil, xəbər saytlarından və sosial şəbəkələrdən alır. Buna baxmayaraq, ənənəvi mətbuat hələ də yaşayır və öz oxucu auditoriyasını qoruyub saxlayır.
Yurd.Media 22 İyul – Milli Mətbuat Günü münasibətilə "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevlə həmsöhbət olub.
1881-ci ildə əsası qoyulan "Kaspi" qəzeti Azərbaycan mətbuat tarixinin ən qədim nəşrlərindən biridir. 1919-cu ildə fəaliyyəti dayandırılan qəzet 1999-cu il martın 6-da yenidən nəşrə başlayıb. Bu gün "Kaspi" "Üç əsrin qəzeti" kimi tanınır və maarifçilik ənənələrini davam etdirir.
İlham Quliyev bildirib ki, hazırda qəzet həftədə bir dəfə nəşr olunur. Həftə ərzində baş verən mühüm hadisələr, analitik və araşdırma yazıları qəzetin səhifələrində yer alır. Onun sözlərinə görə, qəzetin dizaynı müasir tendensiyalara uyğun hazırlanır. "Kaspi"nin özünəməxsus oxucu auditoriyası var və qəzet müxtəlif marketlərdə ödənişsiz əldə oluna bilir.
Baş redaktor qeyd edib ki, redaksiyada 1999-cu ildən bu günə qədər çap olunan bütün nömrələr saxlanılır. Daha əvvəlki illərə aid nəşrlər isə Milli Kitabxanada qorunur və oxucuların istifadəsinə açıqdır.
Baş redaktorun fikrincə, bu gün media ciddi transformasiya dövrünü yaşayır və bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini indidən dəqiq söyləmək mümkün deyil.
O bildirib ki, hazırda ənənəvi media ilə sosial media arasında ciddi rəqabət yaşanır. Onun sözlərinə görə, sosial media çox aqressiv şəkildə televiziya, radionu, hətta xəbər saytlarını belə sıxışdırmağa çalışır. Buna baxmayaraq, İlham Quliyev hesab edir ki, cəmiyyət üçün ənənəvi medianın qorunub saxlanılması olduqca vacibdir. Çünki peşəkar redaktə, faktların dəqiqləşdirilməsi, məsuliyyət və etik prinsiplərə riayət edilməsi ənənəvi medianın əsas üstünlüklərindən biridir.
O vurğulayıb ki, informasiya texnologiyaları inkişaf etsə də, cəmiyyətin etibarlı və yoxlanılmış xəbərə ehtiyacı hər zaman olacaq və ənənəvi media bu missiyanı yerinə yetirməyə davam etməlidir.
Bu gün informasiya sürətlə dəyişir, rəqəmsal media həyatımızın ayrılmaz hissəsinə çevrilir. Belə bir dövrdə ənənəvi mətbuatı yaşatmaq asan olmasa da, üç əsrin tarixini özündə yaşadan "Kaspi" qəzeti Azərbaycan oxucusuna xidmətini davam etdirir. Çünki hələ də qəzeti əlinə alıb vərəqləməkdən, kağızın özünəməxsus qoxusunu hiss etməkdən və bir fincan çay süfrəsi arxasında qəzet oxumaqdan zövq alan insanlar var. Məhz bu oxucular ənənəvi mətbuatın hələ də yaşadığını göstərirlər.
FOTO: Sadıq Əliverdibəyli