Qax rayon İcra Hakimiyyəti İlisu şəlaləsinə gedən yolda qoyulan şlaqbaumla bağlı məsələyə aydınlıq gətirib.
Xatırladaq ki, Qax rayonunun İlisu qəsəbəsi yaxınlığında məşhur Ramramay (İlisu) şəlaləsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Bildirilib ki, bir qrup şəxs şəlalənin yaxınlığında tikili inşa edib və yola şlaqbaum qoyublar və şəlaləni ziyarət etmək istəyən şəxslərdən ödəniş tələb edilir.
Qax rayon İcra Hakimiyyətindən Yurd.Media-nın dərc etdiyi videoya cavab olaraq bildirilib ki, əraziyə giriş ölkə üzrə milli parklar üçün müəyyən edilmiş ümumi qanunvericilik və bilet qaydaları əsasında tənzimlənir:
"Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın mühafizə olunan ərazisinə daxil edilib. Şəlalənin yerləşdiyi əraziyə giriş ölkə üzrə milli parklar üçün müəyyən edilmiş ümumi qanunvericilik və bilet qaydaları əsasında tənzimlənir. Bilet satışından daxil olan vəsait təbiət ərazilərinin qorunmasına, biomüxtəlifliyin mühafizəsinə və ekoturizm infrastrukturunun inkişafına sərf olunur".