SÜJET
Son günlər sosial platformalarda yayılan radiasiya fonunun artması ilə bağlı iddialar cəmiyyətdə narahatlıq yaradıb. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Yaşıl Energetika və İnnovasiya Texnologiyaları üzrə müşaviri, akademik Adil Qəribov Yurd.Media-ya açıqlama verib.
Akademik A.Qəribovun sözlərinə görə, Azərbaycanın radiasiya fonu tam şəkildə nəzarət altındadır və mütəmadi olaraq monitorinqlər aparılır:
“Radiasiya fonu sabitdir və İranla bağlı son hadisələrin Azərbaycandakı fon səviyyəsinə heç bir təsiri yoxdur. Əhali bu barədə yayılan əsassız məlumatlara inanmamalıdır”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə ən əlverişli yaşayış mühitinə malikdir. Ölkədə normal radiasiya fonu 6-8 mikroröntgen/saat (μR/s) təşkil edir ki, bu da beynəlxalq standartlara tam uyğundur. Azad olunmuş ərazilərdə aparılan ölçmələr isə daha sevindirici nəticələr göstərib – bəzi bölgələrdə radiasiya fonu bu göstəricilərdən də aşağıdır.
Akademik qeyd edib ki, Azərbaycanda təbii radioaktiv elementlər, əsasən uran və kalium izotopları mövcuddur:
“Bu elementlər nəticəsində yaranan fon təbii radiasiyadır və insan sağlamlığı üçün təhlükəli deyil. Neft hasilatının isə radiasiya fonuna heç bir təsiri yoxdur”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Sovet dövründə neft çıxarılması zamanı texnoloji imkanların məhdud olması səbəbindən bəzi lokal çirklənmələr baş verib. Lakin hazırda müasir texnologiyaların tətbiqi sayəsində bütün proseslər ciddi nəzarət altındadır və ətraf mühitin çirklənməsi halları istisna olunur.
A.Qəribov əlavə edib ki, son 50 ildə Azərbaycanda tətbiq edilən yüksək texnologiyalar və ekoloji nəzarət nəticəsində radiasiya ilə bağlı heç bir fəsad qeydə alınmayıb. Əksinə, yaşıl energetikaya keçid sayəsində atmosferdə karbon qazının miqdarı da azalmaqdadır.
“Vətəndaşlarımız əsassız panikaya düşməməli, yalnız rəsmi və etibarlı mənbələrə inanmalıdırlar. Hazırda ölkənin heç bir nöqtəsində radiasiya fonu normadan artıq deyil”, – mütəxəssis xəbərdarlıq edib.
O, həmçinin vurğulayıb ki, nə Çernobıl, nə də Fukusima qəzası zamanı Azərbaycanın radiasiya fonunda təhlükəli bir artım qeydə alınmayıb.