SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
14 Yaşlı Sfera.azın baş redaktoru: Operativlik, etibar və məsuliyyət əsas prinsipimizdir

14 Yaşlı "Sfera.az"ın baş redaktoru: "Operativlik, etibar və məsuliyyət əsas prinsipimizdir"

Azərbaycan media məkanında obyektivliyi ilə seçilən Sfera.az saytının bu gün 14 yaşı tamam olur.

Keçən bu illər ərzində sayt təkcə xəbər portalı deyil, həm də oxucuların etibarlı informasiya bələdçisinə çevrilib.

Sfera.az saytının baş redaktoru Ozal Məmmədov Yurd.Media ilə söhbətində saytın əsas prioritetlərini və gələcək planlarını açıqladı.

— Sfera.az ilə yola çıxanda hansı hədəfləri müəyyən etmişdiniz və nə dərəcədə onları həyata keçirmək mümkün oldu?

— 14 il əvvəl Sfera.az-ı quranda əsas məqsədimiz operativ, obyektiv və etibarlı informasiya mənbəyi yaratmaq idi. İstəyirdik ki, oxucu xəbəri təkcə tez yox, eyni zamanda düzgün və balanslı şəkildə alsın. Bununla yanaşı, analitik yanaşmanı gücləndirmək, cəmiyyət üçün əhəmiyyətli mövzuları gündəmdə saxlamaq kimi hədəflərimiz də var idi.

Eyni zamanda, sosial şəbəkələrin aktiv və effektiv idarə olunması da ilk gündən prioritetlərimiz sırasında olub. Oxucu ilə daha yaxın və interaktiv əlaqə qurmaq üçün bu istiqamətdə daim işləyirik və inkişaf etməyə davam edirik.

Bu illər ərzində düşünürəm ki, bu məqsədlərin böyük hissəsini həyata keçirə bilmişik. Sfera.az artıq formalaşmış oxucu auditoriyasına malik, gündəmi müəyyən edən media platformalarından birinə çevrilib. Əlbəttə, media sahəsi dinamikdir və “tam nail olduq” demək düzgün olmaz – biz hələ də inkişaf yolundayıq və hər gün öz üzərimizdə işləyirik.

— Bu gün onlayn mediada rəqabətin çox olduğu bir mühitdə saytı digərlərindən fərqləndirən əsas cəhət nədir?

— Bu gün informasiya bolluğu dövrüdür və fərqlənmək üçün təkcə sürətli olmaq kifayət etmir. Sfera.az-ı fərqləndirən əsas cəhət operativliklə yanaşı, xəbərə məsuliyyətli yanaşmağı, yoxlanılmış məlumat təqdim etməyi və oxucu ilə etibara əsaslanan münasibət qurmağıdır.

Biz prinsip olaraq sensasiya xatirinə xəbər yaymırıq. Xüsusilə intihar və qətl hadisələri kimi həssas mövzulara yanaşmada ehtiyatlı davranır, mümkün qədər bu tip xəbərlərdən uzaq durmağa və ya onları məsuliyyətli çərçivədə təqdim etməyə çalışırıq. Daha çox pozitiv, cəmiyyət üçün faydalı kontentə üstünlük veririk.

Eyni zamanda, illər boyu ən əsas qaydalarımızdan biri də budur ki, qarşı tərəfin fikrini öyrənmədən xəbər paylaşmayaq. Biz heç vaxt məsələlərə birtərəfli yanaşmamışıq və xəbərlərə öz şəxsi fikrimizi əlavə etməmişik. Bir media qurumu kimi tərəfsiz olmaq və tarazlığı qorumaq bizim üçün ən vacib dəyərlərdir. Komandamızın peşəkarlığı və bu prinsiplərə sadiq qalması bizi fərqləndirən ən mühüm xüsusiyyətlərdən biridir.

— Növbəti illər üçün hədəfiniz nədir? Oxucular hansı yenilikləri görə bilərlər Sfera.az-dan?

— Növbəti illər üçün əsas hədəfimiz Sfera.az-ı daha da gücləndirmək, rəqəmsal mediada yeni trendlərə uyğun inkişaf etdirməkdir. Oxuculara daha keyfiyyətli, daha dərin və daha interaktiv kontent təqdim etmək istəyirik.

Planlarımız arasında analitik materialların artırılması, multimedia imkanlarının genişləndirilməsi, video və xüsusi layihələrin sayının çoxaldılması var. Bununla yanaşı, süni intellekt texnologiyalarının imkanlarından istifadə edərək həm kontentin hazırlanmasında, həm də oxucu təcrübəsinin yaxşılaşdırılmasında yeni həllər tətbiq etməyi planlaşdırırıq.

Eyni zamanda, texnoloji yeniliklər vasitəsilə saytın funksionallığını artırmaq və daha rahat istifadə imkanları yaratmaq niyyətindəyik.

Ən əsası isə oxucuların etimadını qoruyub saxlamaq və bunu daha da möhkəmləndirmək bizim üçün prioritet olaraq qalır. Çünki media üçün ən böyük dəyər məhz etibardır.

Onu da qeyd edim ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətə başlaması ilə Azərbaycanın informasiya məkanında keyfiyyətcə yeni bir mərhələ açılıb.

Agentlik yarandıqdan sonra media subyektləri qarşısında konkret tələblər qoyuldu. Mediada daha orijinal, araşdırmaçı və etik qaydalara söykənən məzmunun yaradılması təşviq edildi. Sağlam mübarizə artıq kimin daha çox "reytinq" qazanması üzərində deyil, kimin daha etibarlı mənbə olması üzərində qurulur.

Agentliyin həyata keçirdiyi müsabiqələr və layihələr media subyektlərinin maddi-texniki bazasının güclənməsinə, əməkdaşların sosial müdafiəsinin yaxşılaşmasına birbaşa təsir etdi. Bu isə redaksiyaların kənar təsirlərdən asılı olmadan, sadəcə peşə prinsipləri ilə işləməsinə imkan verir.

MEDİA-nın fəaliyyəti sayəsində media mühiti bir "xaos"dan çıxaraq, hər kəsin öz zəhməti, peşəkarlığı və obyektivliyi ilə yerini müəyyən etdiyi sağlam mübarizə meydanına çevrilib.

Sfera.az ailəsi olaraq biz də yeni tələblərə uyğun fəaliyyətimizi qururuq və oxuculara doğru, düzgün informasiya çatdıqmağa çalışırıq.

Yurd.Media saytının bütün kollektivi adından "Sfera.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları