Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı, “Xocalı: Səhnələşən Yaddaş” adlı ədəbi-bədii tədbir və “Xocalı: Tariximizin qanlı səhifəsi” adlı anım tədbiri təşkil olunub.
Yurd.Media xəbər verir ki, Soyqırımın 34-cü ildönümü ilə əlaqədar təşkilat nümayəndələrinin və üzv gənclərin iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsi ziyarət edilib. Gənclər faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu, Belə-Belə İşlər və CVN TV, “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı keçirilib.
Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən film təqdimatında millət vəkilləri, dövlət rəsmiləri, Xocalı sakinləri və gənclər, o cümlədən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təqdimatdan əvvəl Kino Mərkəzinin foyesində Xocalı faciəsindən dərhal sonra lentə alınmış fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Daha sonra təqdim olunan “Xocalı: Əsir uşaqlıq” sənədli filmində Xocalı faciəsi zamanı Məmmədovlar ailəsinin 8 üzvünün əsir götürülməsi və yaşadıqları faciələr əks etdirilib. Nümayişdən sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu vurğulayıb, eyni zamanda tarixi yaddaşın qorunmasının vacibliyindən danışıblar.
Tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı: Səhnələşən yaddaş” adlı ədəbi-bədii tədbir keçirilib.
Ədəbi-bədii proqramın rəsmi hissəsində çıxış edən rəsmilər və Xocalı faciəsinin canlı şahidləri Xocalı soyqırımının milli yaddaşımızdakı yerindən bəhs edərək, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi olaraq vurğulayıblar. Tədbir Xocalı faciəsinə həsr olunmuş musiqili kompozisiyalar və səhnəciklərlə davam edib.
Tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan “Xocalı: Tariximizin qanlı səhifəsi” adlı anım tədbiri keçirilib.
Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Ramiə Şahgəldiyeva, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, Vətən Müharibəsi qazisi İlkin Ağazadə, Bakı Dövlət Universitetinin professoru Azad Rzayev və Xocalı soyqırımının şahidləri Ayna Allahyarqızı, Arzu Musayeva və Nazim Hüseynov çıxış edərək, Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz iz buraxdığını qeyd ediblər.
Onlar vurğulayıblar ki, Xocalı soyqırımının həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və unudulmamalıdır. Şahidlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən Vətən müharibəsi və lokal antiterror əməliyyatları nəticəsində azad edilmiş torpaqlara qayıdış prosesinin onlarda həm qürur, həm də kövrək duyğular oyatdığını diqqətə çatdırıblar.