Azərbaycanın bank sektorunda müştəri məmnuniyyəti məsələsi yenidən gündəmə gəlib. Bu dəfə diqqət mərkəzində "Unibank"ın kredit siyasəti və müştəri münasibətləri dayanır.
Yurd.Media xəbər verir ki, bankın uzunmüddətli müştərilərindən biri olan jurnalist Aqil Ələsgər bildirir ki, "Unibank" əvvəlcə kredit xəttini artırmağı təklif edib, lakin müştəri imtina etdikdən sonra xəbərdarlıq etmədən mövcud kredit xəttini bağlayıb.
Hadisənin təfərrüatlarına görə, müştərinin 30 sentyabrda başa çatan kredit müqaviləsi var idi. Müqavilənin bitməsinə 15 gün qalmış bank əməkdaşları ona 1900 manatlıq kredit xəttini beş illik müddətə 10 min manata qaldırmağı və əlavə 5 min manat nağd kredit verməyi təklif ediblər. Müştəri bu təklifi qəbul etməyib.
İmtinadan cəmi üç gün sonra bank birtərəfli qaydada kredit limitini 500 manat azaldıb. Daha sonra isə müştəri 1400 manatlıq kredit kartı borcunu tam ödədikdən sonra bank heç bir xəbərdarlıq etmədən kredit xəttini tamamilə sıfırlayıb.
"Müqavilənin bitməsinə hələ bir ay var və bir gün belə gecikməm olmadığı halda, 15 gün öncə yalvarırcasına kredit təklif edən bank indi kredit xəttimi bağlayıb," - deyə müştəri bildirib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qaydalarına görə, banklar müştərilərə xidmət şərtlərində əhəmiyyətli dəyişikliklər etməzdən əvvəl onları məlumatlandırmalıdırlar. Bankların müştəri hüquqlarını qoruması və şəffaf xidmət göstərməsi maliyyə sektorunda etibarlılığın əsas göstəricilərindən biridir.