SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Daşkəsəndə Anım Günü qeyd olunub, şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb

Daşkəsəndə Anım Günü qeyd olunub, şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb

  • 27 sentyabr 2026, 20:06
Daşkəsan

Daşkəsən rayonunda 27 Sentyabr – Anım Gününün 6-cı ildönümü dərin ehtiramla qeyd olunub, şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Yurd.Media xəbər verir ki, Anım Günü münasibətilə Daşkəsən rayonunun minlərlə sakini gün ərzində Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. İcra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarına gül düzüblər, ruhlarına və xatirələrinə dərin hörmət və ehtiram bildiriblər.

Rayon rəhbəri Orxan Abbasov həmçinin rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. “Yeni Həyat” mərasim evində keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci və İkinci Qarabağ müharibələrinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, qazilər və ictimaiyyət nümayəndələri bir araya gəliblər.

İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə xalqımızın dərin ehtiramını ifadə edən müqəddəs gündür. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın erməni işğalından azad olunmasını təmin etmişdir. Bu tarixi Qələbə Azərbaycan xalqının milli iradəsinin, dövlət-xalq-ordu birliyinin və şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına əldə olunan böyük Zəfərin təcəssümüdür. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri qayğı Daşkəsən rayonunda da daim xüsusi diqqətdə saxlanılır. Şəhid ailələri və qazilərimiz dövlətimizin hərtərəfli qayğısını gündəlik həyatlarında hiss edirlər. 

Orxan Abbasov çıxışının sonunda vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların Vətənimiz uğrunda misilsiz qəhrəmanlığı və fədakarlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdiriləcək.

Ehsan mərasimində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən oğullarının və qızlarının ruhuna Quran surələri oxunub və əziz xatirələri ehtiramla anılıb.

Skat.az - Ev və Avtomobil elanları