Daha 9 uşaq xilas edilərək Vətənə qaytarıldı.
Xarici İşlər Nazirliyindən (XİN) Yurd.Media-ya bildirilib ki, Azərbaycan hökuməti Suriyadakı silahlı münaqişə zonasında olan daha 16 nəfər vətəndaşını ölkəyə repatriasiya edib.
Bildirilib ki, iyulun 18-19-da həyata keçirilən təxliyə prosesi nəticəsində 7 qadın və 9 uşaq təhlükəsiz şəkildə Azərbaycana gətirilib.
Repatriasiya prosesi çərçivəsində ilk növbədə vətəndaşların yeri və şəxsiyyəti müəyyən edilərək Azərbaycan vətəndaşlığına mənsubiyyətləri təsdiqlənib. Daha sonra müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrup Suriyaya ezam olunaraq vətəndaşlara ilkin tibbi və psixoloji yardım göstərib.
Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, eləcə də İstanbuldakı Baş Konsulluğunun koordinasiyalı fəaliyyəti sayəsində vətəndaşlara qayıdış şəhadətnamələri təqdim edilib və onların ölkəyə çatdırılması təmin olunub. Vətənə qayıdan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Hökumət xarici ölkələrdəki münaqişələrin qurbanı olmuş digər Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün zəruri addımların davam etdiriləcəyini açıqlayıb.