Azərbaycanda bir sıra rayonlarda icra hakimiyyəti başçıları dəyişdirilib.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə
Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib. Bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin edilib. Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Natiq Nuşravan oğlu Ağayev isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev və rayonun digər vəzifəli şəxslər saxlanılıb.
Prezidentin sərəncamlarına əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.
Elvin Nazim oğlu Paşayev isə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Digər sərəncamlarla Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elşən Nazim oğlu Həsənli isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Həmçinin, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Prezidentin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, C.Cəlilov 2023-2024-ci illərdə Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri, 2024-cü ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.