SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bilgəh sakinləri: Xətdən evimizə cəmi 50 metr məsafə var, amma su verilmir - REPORTAJ

Bilgəh sakinləri: Xətdən evimizə cəmi 50 metr məsafə var, amma su verilmir - REPORTAJ

Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsi uzun illərdir zəfəran və qərənfili ilə tanınsa da, bu kəndin hələ də suyu olmayan evlərin var. 

Qəsəbənin bir hissəsində yerli kənd əhalisi yaşayır, digər hissəsində isə əsasən yay aylarında bağ evlərinə istirahətə gələn şəhər sakinləri məskunlaşır.

Yurd.Media-nın həyata keçirdiyi reportaj zamanı məlum olub ki, bu qəsəbədə də Bakıətrafı kəndlərə xas olan su problemi aktuallığını qoruyur.

Bilgəh qəsəbəsi Nəsibə Zeynalova küçəsindəki bağ evində yaşayan jurnalist İsmayıl Rafiqoğlu Yurd.Media-ya açıqlamasında deyib ki, ətrafdakı bütün küçələrə artıq xətlər çoxdan çəkilib, sayğac qoyulub və bir müddətdir su daim verilir:

“4-cü dalanda yerləşən bağ evində yaydan-yaya qalırıq. Elə bu aylarda suya kəskin ehtiyac duyulur. Həm şəxsi istifadəyə, həm də bitkiləri sulamağa xeyli su tələb olunur. Ətrafdakı bütün dalanlarda su var. Elə bizim dalana da də neçə il öncə su xətti çəkilib, amma verilməyib. Hər il deyilir ki, smeta tutulacaq, su veriləcək. Su xəttinə evimizdən cəmi 50 metr məsafə var, amma su bizə verilmir”. 

Jurnalist qeyd edib ki, xətt dalanın girişinədək çəkilsə də, sonradan işlər yarımçıq qalıb:

“Problem həllini heç cür tapmır. Gözləməkdən yorulmuşuq. Suya da xeyli xərcimiz çıxır. 6 tonluq su maşınının qiyməti 30 manatdır. Yəni haradasa rəsmi məbləğdən 7 dəfə baha alınır. 3 aylıq bağ evinə köçən orta ailə ayda ən azı 2-3 dəfə su almalıdır. Əgər bitkiləri nəzərə alsaq, onda ən azı 4 maşın almalısan. Bir sözlə, mövsüm boyu 360 manat suya pul ödəməlisən. Rəsmi suyu olmayanlar artezian quyuları vasitəsi ilə müəyyən işləri görə bilirlər. Di gəl, bu su yalnız texniki məqsədlər – bağ sulama və təsərrüfat işləri üçün yararlıdır. İçməli suya tələbatı isə sakinlər ya kənardan almaqla, ya da bidonla su daşımaqla ödəyirlər”. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmayan ərazilər üçün layihə-smeta sənədləri hazırlanıb və bu layihələr mərhələli şəkildə həyata keçirilir:

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərində ADSEA-nın sifarişi əsasında yeni şəbəkələrin qurulması nəzərdə tutulur. Bu işlər təchizat sisteminin texniki vəziyyəti və digər amillər nəzərə alınaraq həyata keçirilir. Artıq bir sıra ərazilərdə şəbəkə qurulub, digərlərində isə bu proses növbəti mərhələlərdə davam etdiriləcək”.

Agentlik onu da qeyd edir ki, ilkin mərhələdə yalnız su xətlərinin çəkilişi başa çatdırılır, sakinlərin şəbəkəyə birbaşa qoşulması isə ikinci mərhələdə planlaşdırılıb. ADSEA-nın açıqlamasında bu mərhələnin nə zaman həyata keçiriləcəyi ilə bağlı dəqiq tarix bildirilməyib. 

Sakinlər isə Dövlət Su Ehtiyatları Agentliyinin işə ciddi yanaşmadığı qənaətindədirlər. Onlar dəfələrlə pulun ayrıldığını, kağız üzərində hamıya su verildiyini iddia edirlər.

Prime Leasing