Bugündən etibarən "Circus Sea Breeze" arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri — “The World of Adrenaline” tamaşaçılara təqdim olunacaq.
Yurd.Media xəbər verir ki, yeni proqramda dünyanın müxtəlif ölkələrindən olan peşəkar sirk artistləri çıxış edirlər.
Tamaşaçılara at nömrələri, braziliyalı kaskadyorların təhlükəli tryukları, beynəlxalq mükafatlı hava gimnastlarının çıxışları, akrobatik nömrələr və kloun şousu təqdim olunur. Proqram sürət, cəsarət və yüksək peşəkarlıq tələb edən nömrələri ilə seçilir.
Tədbirin təşkilatçısı, “Sirk Oskarı” mükafatının laureatı Allahverdi İsrafilov proqramın ilk günündə xeyriyyə tamaşaları təşkil edir. Oktyabrın 17-də keçirilən tamaşalara valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları ödənişsiz dəvət olunublar.
Qeyd edək ki, “The World of Adrenaline” proqramı noyabrın 29-dək davam edəcək. Tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30 və 15:30-da keçiriləcək.
Biletlərin qiyməti 15 manatdan başlayır. Tamaşaçıların rahatlığı üçün “Koroğlu” metro stansiyasından sirk arenasına və geriyə xüsusi avtobus transferi də təşkil olunacaq.
Biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək mümkündür.