Bakıda yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə və vətənə sədaqət ruhunda böyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin sistemli təşkili məqsədi ilə konfrans təşkil olunub.
Yurd.Media xəbər verir ki, “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusundaklı konfrans Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş ÜzrəDövlət Komitəsinin Sədr Müavini Gündüz İsmayılov Azərbaycan cəmiyyətində dinlə bağlı biliklərin hansı mənbələrdən alınması ilə bağlı fikirlərini bildirib.
"Azərbaycan cəmiyyətində dinlə bağlı bilikləri 3 mənbədən alırıq: Ailə, kütləvi informasiya vasitələri, ibadət evləri və din xadimlərindən. Bütün ailələrin də dini bilikləri eyni deyil. Hətta bəzi ailələrin dini bilikləri xətalıdır. Kütləvi informasiya vasitələri, internet resursları nə qədər etibarlıdır ki, biz ondan yararlana bilək? Bir çox hallarda sosial mediadan səhv məlumatlar ala bilirik. Bu gün Azərbaycanda kifayət qədər dünyagörüşü geniş olan din xadimləri var. Bəziləri isə belə deyil. Buna görə də savadlı din xadimlərinə ehtiyac var. Biz bundan başqa etibarlı, ardıcıl mənbəni təhsil və məktəbdən ala bilərik. Din ilə bağlı biliklərin öyrədilməsi vacibdir. Mən düşünürəm ki, biz İslamın dini məqsədindən danışmalıyıq. Bu zaman daha çox insanı maarifləndirə bilərik".

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında qeyd edib ki, dini düşüncə mədəniyyəti, pedaqoji perspektivlər böyük əhəmiyyət daşıyır:
"Dini düşüncə mədəniyyəti, pedaqoji perspektivlər ölkəmizin inkişaf dövründə çox aktual məsələdir. Bu gün uşaqları necə formalaşdıracayıqsa, sabah xalq elə olacaq. Ona görə də gənclərin təhsil alması vacibdir. Dünyanı dərk etməyin 3 yolu var: elm, incəsənət və din. Bu mənada dini zorla təbliğ etmək düzgün deyil. Dinlə bağlı son dövrdə informasiya texnologiyalarına çox məlumatlar daxil olur. Bir tərəfdən bu məlumatları əldə etmək gənclərin dünyagörüşünü zənginləşdirir, digər tərəfdən də bu kontentlər xurafata əsaslanır. Bu baxımdan həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində dini komponentlərə diqqət yetirilməlidir".

Qeyd edək ki, konfransda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərdə müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin çıxışları dinlənilib və müzakirələr aparılıb.
