Bu gündən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutu Qazax stansiyasına qədər uzadılıb.
Yurd.Media-nın ilk belə marşrutla səhayət edən əməkdaşı xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC yeni marşrut üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxıb.
Əvvəllər Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq. Belə ki, yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq ediləcək. Bakı-Qazax istiqamətində standart sinif yerlər üçün biletin minimal qiyməti 16,2 manat təşkil edəcək.
Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri aparıb. Bu çərçivədə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi işləri görülüb, həmçinin Qazax stansiyasının binası təmir olunub və gözləmə zalı yenilənib.
Yeni marşrutun istismara verilməsi sərnişin daşımalarında əhəmiyyətli artım vəd edir. İlkin hesablamalara əsasən, bu xətt üzrə ildə əlavə təxminən 10 000 sərnişin daşınacağı gözlənilir.