Azərbaycan Premyer Liqasının XXIV turunun iki oyunu keçirilib.
Yurd.Media xəbər verir ki, ilk oyunda "İmişli" klubu "Sabah"ı qəbul edib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Bakı təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqələrdə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurublar.
Bununla da "Sabah" xallarının sayını 59-a çatdıraraq liderliyini möhkəmlədib. "İmişli" isə 22 xalla doqquzuncudur.
Günün ikinci matçında "Zirə" klubu "Qarabağ"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncü sıradadır.