"Bakı Metropoliteni" QSC-də auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmayıb.
Bu barədə Hesablama Palatasından Yurd.Media-ya bildirilib.
Qeyd olunub ki, dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni "Bənövşəyi" xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb.
""Bənövşəyi" xəttə daxil olan "Xocəsən" elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manat fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyə qədər təmin edilməyib.
Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə kimi icra olunmayıb", - Hesablama Palatasından bildirilib.