Bakı kəndləri həmişə qonaqpərvərliyi ilə seçilib. Lakin bu kəndlərin başqa bir özəlliyi də var: göyərçin saxlamaq ənənəsi. Bu məşğuliyyət yüzillərdir ki, insanların həyat tərzinin bir parçasıdır və bu gün də eyni sevgiylə davam etdirilir.
Əvvəllər belə insanlara "quşbaz" deyilirdi. Lakin indi bu söz bəzilərinin xoşuna gəlmir. Novxanıda göyərçin saxlayan Ceyhun Şeydayev Yurd.Media-ya müsahibəsində bildirdi ki, bu ad çox vaxt düzgün anlaşılmır:
“Hamı elə düşünür ki, guya quşbaz işsiz-gücsüz adamdır. Amma bu, tamamilə səhv yanaşmadır. Mənim ailəm də var, işim də. Göyərçinlər mənim üçün sadəcə bir həvəs deyil, həm də mənəvi rahatlıq gətirən məşğuliyyətdir”.
Bakı göyərçinlərinin tarixi
Bakı göyərçinlərinin adı əsrlərdir məşhurdur. XIX əsrin sonlarından başlayaraq Abşeron kəndlərinin – xüsusilə Novxanı, Mərdəkan, Bilgəh, Buzovna və Masazırın sakinləri göyərçin saxlayırdılar. O dövrdə hər kəndin özünəməxsus göyərçin damları olurdu.
Bu quşların əsas fərqi uzun uçuş qabiliyyəti idi. Məsələn, 1920–30-cu illərdə dəftərlərdə qeyd olunub ki, Bakı göyərçinləri 10–15 saat havada qala bilirdi. Sovet dönəmində də bu ənənə qorunurdu, hətta Moskvada keçirilən sərgilərdə Bakı göyərçinləri xüsusi mükafatlar alırdı.
Ceyhun Şeydayev qeyd edib ki, bu quşların başqa bir xüsusiyyəti – “döyüş uçuşu” adlanan davranışdır. Onlar havada xüsusi fırlanma, səsli qanad çırpma hərəkətləri edirlər. O vurğulayır ki, bu, Bakıya məxsus quşların “imzası” sayılır.
Yarışların qəhrəmanları
Hazırda da Bakıda göyərçinçilərin birliyi var. Bakı Göyərçin Assosiasiyasının yaradıcısı İsmayıl Əliyev deyir ki, onlar hər il qeyri-rəsmi yarışlar keçirirlər:
“İyunun 15-dən avqustun 15-dək göyərçin uçurtma yarışları təşkil edirik. Bu il 12 göyərçin iştirak etdi. Ən uzun müddət göydə qalan Ceyhun Şeydayevin göyərçini oldu – təxminən 12 saat uçdu”.
Cütləşmə və bala çıxarma dövrü
C. Şeydayev bildirib ki, göyərçinlər təbiətən bir ömürlük cütlük seçən quşlardandır. Onun sözlərinə görə, cütləşdikdən sonra ömür boyu bir-birinə bağlı qalırlar:
“Cütləşmə dövrü adətən yaz və payız aylarına təsadüf edir. Bu vaxt hava mülayim olur və quşlar aktivləşirlər. Dişi göyərçin hər yumurtlama dövründə 2 yumurta qoyur. Yumurta qoyma prosesi 1–2 gün fərqlə baş verir. İnkubasiya müddəti təxminən 17–19 gündür. Bu müddətdə həm dişi, həm erkək növbə ilə yumurtanın üstündə yatır. Çıxan balalara ilk günlərdə valideynləri “quş südü” adlanan xüsusi ifrazatla qidalanma verirlər. Təxminən 25–30 gün sonra balalar artıq sərbəst uçmağa başlayır”.
C. Şeydayev əlavə edib ki, yaxşı baxılan cütlük ildə 6–8 bala verə bilir.
Bu səbəbdən göyərçinçilik yalnız zövq deyil, həm də ciddi qayğı və vaxt tələb edən işdir.
Qulluq və uzunömürlülük
C. Şeydayevin sözlərinə görə, göyərçinlər sadəcə gözəllik üçün deyil, həm də yarış və nəslin qorunması üçün saxlanılır:
“Onlara xüsusi yemlər verilməlidir. Saxlanma şəraiti təmiz olmasa, xəstəlik düşür. Həm də vaxtında peyvənd olunmalıdırlar. Yaxşı qulluq olunanda göyərçin 20 ilə qədər yaşayır. Mənim ən yaşlı quşum artıq 11 yaşındadır”.
İsmayıl Əliyev isə bildirir ki, hələ də GPS izləmə cihazlarından istifadə edə bilmirlər:
“GPS bahalı olduğundan hələlik yalnız ayaqlara xüsusi üzüklər taxırıq. Bəzən quş başqa yerə gedir, zəng edib qaytarırlar. Amma elə adam da olur ki, heç xəbər etmir”.
O əlavə edir ki, sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərirlər:
“Bəzən başqa xalqlar bu məşğuliyyəti öz adlarına çıxarmağa çalışır. Ona görə biz də sosial şəbəkələrdə təbliğat aparırıq ki, Bakı göyərçinlərinin tarixi bizim adət-ənənəmizdir”.
Göyərçin saxlamaq – avaraçılıq yox, əksinə əsrlərin ənənəsini yaşadan bir mədəniyyət nümunəsidir. Bu məşğuliyyət insanı həm təbiətə, həm də heyvan sevgisinə yaxınlaşdırır, eyni zamanda gənc nəsli pis vərdişlərdən uzaq tutmağa kömək edir.
Foto: Sadıq Əliverdibəyli