“Azərlotereya” Açıq Səhmdar Cəmuyyətinə (ASC) məxsus olan satış məntəqəsində dava olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, hadisə Qusar rayonu Avtovağzal dairəsinin yaxınlığında yerləşən ASC-yə məxsus olan satış məntəqəsində baş verib.
Qusar rayon sakini, 1993-cü il təvəllüdlü İ. M. məntəqədə işdə olarkən Qusar rayonu Cağar Qışlaq kənd sakini T. B. heç bir səbəb olmadan ona qarşı hörmətsizlik edib.
Bu zaman məntəqənin işçisi T. B. döyərək ona xəsarətlər yetirib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş məntəqənin işçisindən pulsuz poz-qazanı istəyib. O, da "dövlətin qoyduğu qiymətdir, verə bilmərəm" deyib.
Bu zaman zərərçəkmiş və onun yanında olan dostu məntəqənin işçisi ilə mübahisə ediblər. Bu mübahisə sonda dava-dalaşla nəticələnib.
Bu işə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 221.1-ci maddəsi həmin məcələnin 128-ci maddəsinə tövsif edilib.
Məhkəmədə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması məlum olub. Bu səbəbdən də məntəqənin işçisi barəsində olan cinayət işi üzrə icraata xitam verilib.