SÜJET
Bakıda “Konstitusiya – dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans keçirilib.
Yurd.Media xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, maliyyə nazirinin birinci müavini Anar Kərimov, BDU-nun rektoru Elçin Babayev, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Türkiyə Cümhuriyyətinin Balıkesir Universitetinin rektoru Yücel Oğurlu iştirak ediblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın Konstitusiyası ötən 30 ildə ölkənin müstəqillik, suverenlik və ərazi bütövlüyünün təmin olunmasında əvəzsiz hüquqi dayaqlardan biri kimi çıxış edib. Onun sözlərinə görə, indiyə qədər sənədə iki əsaslı dəyişiklik edilib və bu dəyişikliklər ölkənin qlobal təhdidlərə çevik cavab verməsinə şərait yaradıb.
“Qarabağ problemi uzun illər ölkəmiz üçün ən böyük çağırışlardan biri idi. Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət və ordu quruculuğu sayəsində bu məsələ uğurla həll edildi. Birinci Qarabağ müharibəsində ərazi itkilərimizin əsas səbəblərindən biri Ermənistanın üçüncü dövlətlər tərəfindən dəstəklənməsi, digəri isə ölkədəki daxili siyasi qeyri-sabitlik idi. 1995-ci ildə qəbul edilən Konstitusiya və sonrakı dövrdə ölkədə siyasi sabitliyin bərqərar olması bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb,” – deyə o qeyd edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında bildirib ki, “Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycanın müasir mərhələdəki uğurlarına və strateji baxışlarına uyğun addımdır.
“Dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü onun varlığının əsas sütunlarıdır. Azərbaycan xalqı illərlə mənəvi və psixoloji sınaqlardan keçdi, amma sonda tarixi qələbəyə imza atdı. Bu uğur hər bir vətəndaş üçün fəxarət və məsuliyyət hissini bir arada daşıyır. Bugünkü mürəkkəb beynəlxalq vəziyyətdə ölkəmizin həm daxili, həm də xarici siyasət kursu daha da güclü olmalıdır”, – deyə sədr qeyd edib.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov isə bildirib ki, Konstitusiya müddəalarının izahı zamanı Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd düşməməsinə diqqət yetirilməlidir.
“Konstitusiya hüquqi sistemin ən yüksək sənədidir və bu, yalnız Azərbaycanda deyil, bütün Avropa ölkələrində belə qəbul olunur. Beynəlxalq müqavilələrə hörmət prinsipini rəhbər tutaraq, Konstitusiya müddəalarını balanslı və uyğun şəkildə şərh etməliyik. Konstitusiyanın preambulası da bu baxımdan nəzərə alınmalıdır”, – deyə o vurğulayıb.
Hakim əlavə edib ki, bəzi müddəalar var ki, onlar dəyişdirilə bilməz və bu müddəalar xalq tərəfindən müəyyənləşdirildiyi üçün hüquqi sistemin əsası sayılır. Onun fikrincə, Konstitusiya yalnız bir siyasi sənəd deyil, hüquqi məcburiyyət daşıyan normativ aktdır və tətbiqi təkcə Konstitusiya Məhkəməsi ilə məhdudlaşmamalıdır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk konstitusiya son otuz ildə dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi kimi əsas məqsədlərin həyata keçirilməsi üçün vacib hüquqi baza rolunu oynayıb.