Azərbaycanda 60 920 ədəd daşınmaz əmlak üzrə dövlət vəsaiti hesabına elektron çıxarış təqdim edilib, həmçinin 413 423 dövlət aktı əsasında hüquq təsdiq edən sənəd üzrə vətəndaşlara çıxarışlar verilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 23 587 qeyri-yaşayış binası və obyekt üzrə mülkiyyət hüquqları tanınıb və dövlət reyestrində qeydiyyata alınıb, 4 602 obyekt üzrə isə hüquqlar dövlət hesabına elektron çıxarışla rəsmiləşdirilib.
N.Alimova qeyd edib ki, ölkədə daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir.
"Həyata keçirilən islahatlar daşınmaz əmlakın qeydiyyatı və idarə olunması proseslərinin daha çevik, şəffaf və əlçatan olmasına yönəldilib".
Sədr bildirib ki, bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilir, informasiya sistemləri yenilənir, mövcud prosedurlar optimallaşdırılır, rəqəmsal idarəetmə mexanizmləri tətbiq edilir və elektron xidmətlərin sayı artırılır.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar AlimovaAzərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində elektron xidmətlərlə bağlı danışan Nigar Alimova bildirib ki, onların sayı son illərdə davamlı artım nümayiş etdirib: "2019 və 2020-ci illərdə bu göstərici 5, 2021-ci ildə 6, 2022-ci ildə 16, 2023-cü ildə 26, 2024-cü ildə 32 olub, 2025-ci ildə isə elektron xidmətlərin sayı 41-ə çatdırılıb".
Sədr həmçinin qeyd edib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sisteminin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Yeni sistem daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının vahid elektron platformada toplanmasına, məlumat mübadiləsinin sürətlənməsinə, xidmətlərin daha operativ və şəffaf göstərilməsinə imkan verəcək.
O eynbi zamanda vurğulayıb ki, fərdi yaşayış evləri üzrə sənədsiz tikililərin sayı qeyri-yaşayış obyektlərindən ən azı 10 dəfə çoxdur.
"Təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur. Bu tikililərin dəqiq statistikasını müəyyən etmək üçün genişmiqyaslı inventarlaşdırma işlərinin aparılması tələb olunur. Qeyri-yaşayış tikililəri üzrə daxil olan müraciətlərin təhlili göstərir ki, fərdi yaşayış tipli sənədsiz tikililərin sayı daha çoxdur və bu göstərici həmin obyektlərdən ən azı 10 dəfə artıq ola bilər".
N.Alimova qeyd edib ki, aparılacaq sistemli uçot və inventarlaşdırma tədbirləri sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsinə və daşınmaz əmlakın qeydiyyatının daha dəqiq aparılmasına imkan verəcək.
Eyni zamanda ölkədə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin fəaliyyətinə metodiki nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Sədr bildirib ki, bəzi hallarda torpaq sahələrinin qeyri-qanuni şəkildə bölünməsi və təyinatının dəyişdirilməsi halları müşahidə olunur ki, bu da gələcəkdə sənədləşmə və qeydiyyat problemləri yaradır.
"Sənədsiz və özbaşına tikililərin əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də mühafizə zonalarında – yüksək gərginlikli elektrik xətlərinin, qaz və neft kəmərlərinin, dəmir yollarının və su kanallarının yaxınlığında inşa edilib. Bu cür tikililər qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak kimi qeydiyyata alına bilmir və onların elektrik, su və qaz kimi kommunal xidmətlərlə təmin olunması da mümkün deyil".
Bələdiyyələrin torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırıldığını deyən Nigar Alimova vurğulayıb ki, bələdiyyələr yalnız 2007-ci ilə qədər torpaq sahələri üzrə sənədləşmə apara bilirdi, həmin tarixdən sonra bu sahədə sənəd verilməsi dayandırılıb.