Bu il 18 dəfə qatarlar daşlanılaraq sərnişinlərin həyatı təhlükə altına salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Yurd.Media-ya bildirilib ki, 2026-cı ilin birinci rübündə sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.
Bildirilib ki, bu cür vandallıq halları sərnişinlərin və qatar heyətinin həyatını təhlükə altına salır, qatarların texniki vəziyyətinə ciddi zərər vurur və maşinistlərin qatarı təcili saxlamasına səbəb olur. Nəticədə qatarların hərəkət cədvəlində gecikmələr yaranır.
ADY qeyd edib ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunurlar.
Qurum, hadisələrin əsasən azyaşlılar tərəfindən törədildiyini nəzərə alaraq, valideynlərə uşaqları ilə maarifləndirici söhbətlər aparmağı tövsiyə edib. Eyni zamanda vurğulanıb ki, dövlət əmlakı olan qatarlara daş atılması cinayət əməlidir.