Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarət etdiyi yollardakı tərəzilərin yükü daha artıq çəkidə hesablanması aşkarlanıb.
Yurd.Media xəbər verir ki, sürücülər yükün təhvil alınanda və veriləndə eyni çəki olmasını, amma yoldakı tərəzinin artıq göstərməsini bildirirlər.
Ağcabədidə olan yük avtomobillərinin sürücüləri – Elnur Rüstəmov və Xəqani Quliyev "Xəzər Xəbər"ə bildiriblər ki, hətta tələb olunandan 500 kiloqram az yük vurur, buna baxmayaraq, yükün 3-4 ton artıq olması səbəbilə 600 manat cərimə edilirlər.
Onların sözlərinə görə, bu halla ilk dəfə deyil rastlaşırlar, buna görə də özlərini sığortalamaq üçün maşina normadan da az yük vururlar.
Sürcülərdən biri bildirir ki, Ağcabədidən Şirvan şəhərinə yük daşıyarkən yola düşməzdən əvvəl ilkin çəkidə avtomobildə 25 ton 600 kiloqram yük olduğu qeydə alınıb. AYNA-nın tərəzisi isə maşının çəkisini 3 ton artıq – 28 ton 660 kiloqram olduğunu qeydə alıb.
AYNA məsələ ilə bağlı standart cavab verib:
"Bununla bağlı bütün parametrlər Nazirlər Kabinetinin müvafiq qərarında göstərilib və elektron tərəzilərin alqoritmində əks olunub. Avtomobillər elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Göstərilən həddi keçən yük avtomobilləri barəsində inzibati tənbeh tədbirləri görülür".