Bakıda yerləşən yaşayış binalarından birinin həyətində quraşdırılan yeni işıq dirəklərindən biri sakinlər üçün təhlükə mənbəyinə çevrilib.
Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 5-ci və 6-cı binaların sakinləri Yurd.Media-ya bildiriblər ki, həmin dirəyə toxunması nəticəsində artıq iki azyaşlını elektrik cərəyanı vurub..
Bildirilir ki, həyətdə aparılan abadlaşdırma işləri zamanı quraşdırılan işıq dirəklərindən birində 220 voltluq elektrik gərginliyi olduğu müəyyənləşib. Bir neçə ay əvvəl ona toxunan azyaşlını güclü cərəyan vurub və hadisə ilə əlaqədar təcili tibbi yardım çağırılıb.
Bundan sonra sakinlər “Azərişıq” ASC-yə müraciət ediblər. Qurumun əməkdaşları əraziyə baxış keçirərək elektrik enerjisinin verilməsini dayandırıblar.
Lakin qeyd olunur ki, enerji kəsildikdən sonra da metal konstruksiyada cərəyan qalmaqda davam edib. Bu müddətdə ara-sıra yüngül cərəyan vurma halları yaşanıb. Əraziyə təkrar baxış keçirilsə də, problemin dəqiq səbəbi müəyyənləşdirilməyib.
Daha sonra elektrik enerjisinin verilişi bərpa olunub. Sakinlərin sözlərinə görə, daha bir azyaşlını həmin dirəyə toxunarkən güclü cərəyan vurub.
Bundan sonra “Azərişıq” ASC-yə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Sakinlərin sözlərinə görə, hər iki qurum tərəfindən məsələnin onların səlahiyyətində olmadığı bildirilib.
Hazırda sakinlər təhlükənin qarşısını almaq və xüsusilə uşaqların dirəyə yaxınlaşmasına mane olmaq üçün onun ətrafına mühafizə lenti bağlayıblar.