DokuBaku 2025: Bakı sənədli kinonun çoxölçülü dünyasına başladı.
Yurd.Media xəbər verir ki, 13–19 oktyabr tarixlərində Bakıda 9-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Azərbaycanın ilk müstəqil sənədli film festivalı olan DokuBaku bu il “5DWORLDHYPERMAT3X” mövzusu ilə tamaşaçıları reallığın, qavrayışın və mövcudluğun sərhədlərindən kənara çıxmağa dəvət edir.
Festivalın builki buraxılışına 60-dan çox ölkədən 200-dən artıq müraciət daxil olub. Seçim heyəti bu müraciətlər arasından 57 sənədli filmi – o cümlədən 26 tammetrajlı və 31 qısametrajlı ekran işini festival proqramına daxil edib. Onların arasında 5 yerli film də yer alıb ki, bu da Azərbaycan sənədli kinosunun yüksələn səslərini nümayiş etdirir.
Dünya üzrə 64 rejissorun iştirak edəcəyi festival çərçivəsində filmlər 6 əsas kateqoriya üzrə yarışacaq:
dokubox: Ən yaxşı debüt sənədli film,
dokutam: Ən yaxşı beynəlxalq sənədli film,
dokushorts: Ən yaxşı beynəlxalq qısa sənədli film,
dokumuse: Musiqi, rəqs və ritm haqqında ən yaxşı sənədli film,
dokuecho: Təbiət haqqında ən yaxşı sənədli film,
dokukids: Uşaqlar üçün ən yaxşı sənədli film.
Qeyd edək ki, festivalın dokuecho: Təbiət haqqında ən yaxşı sənədli film kateqoriyasında əməkdaşımız - Yurd.Media xəbər portalının fotoqrafı, Azərbaycan Fotoqrafları Birliyinin üzvü Sadıq Əliverdibəylinin operatoru və ssenari müəlliflərindən biri olduğu "Fraşa - Kriti" adlı sənədli film də yarışacaq. Ekran işinin rejissoru, ssenari müəllifi və montaj rejissoru Araz Quliyev, rejissor assistenti Sevinc Mahmudova, rəng korreksiyaçısı Etka Kızıltepe, bəstəkarı Əli Cəfərzadə və icraçı prodüseri Leyla Şahdır. Film eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları, gənc kinematoqrafçılar - Araz Quliyev və Sadıq Əliverdibəylinin diplom işidir.
Festivalda hər kateqoriyanın qaliblərini müəyyən edəcək 3 nəfərlik peşəkar münsiflər heyəti fəaliyyət göstərəcək.
DokuBaku-nun məqsədi sənədli filmlər vasitəsilə cəmiyyətlər arasında mədəni dialoqu gücləndirmək, tənqidi düşüncəni təşviq etmək və orijinal səsləri dünya auditoriyasına çatdırmaqdır. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, panel müzakirələri, ustad dərsləri və tematik seminarlar da təşkil ediləcək.
Bu oktyabrda Bakı yenidən sənədli kinematoqrafiyanın mərkəzinə çevriləcək — reallığın sərhədlərini aşmaq istəyənlər üçün DokuBaku 2025 qapılarını açır.