Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyənlərə qarşı sərt tədbirlər görmək qərarına gəlib.
AYB-dən Yurd.Media-ya bildirilib ki, bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək və bu barədə məsələ AYB Katibliyinin iclasında müzakirə edilib.
İclasın gündəliyindəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub. Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib.
İclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin:
"Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".