Xidmət rəisi: Füzulidə yaxşı vəziyyətdə abidə qalmayıb

Xidmət rəisi: Füzulidə yaxşı vəziyyətdə abidə qalmayıb

  • 17 aprel 2025, 11:29
Füzuli

"Qafqazın Hirosiması" adlandırılan Ağdama ilk dəfə səfər etdikdə, oranın şəhər olduğunu dərk etmək çətin idi. Çünki tamamilə məhv olmuşdu. Füzuli də eyni aqibəti yaşamışdı və təqdimat zamanı dağıntıları əks etdirən fotolar nümayiş etdirildi. Füzulidə də demək olar ki, yaxşı vəziyyətdə olan abidə qalmayıb.

Yurd.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda söyləyib.

Səbinə Hacıyeva Kəlbəcər rayonunda da mədəni irsinin ciddi ziyan gördüyünü bildirərək deyib: "Xudavəng monastırı ilə bağlı araşdırmalar aparılıb, arxeoloji məlumatlar öyrənilib. Bu tarixi kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır".

O, həmçinin torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə dağıdılmış mədəni irsin qorunması və bərpası istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.