SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bilgəhdəki tarix: Seyidağa hamamı və qədim ovdan

Bilgəhdəki tarix: Seyidağa hamamı və qədim ovdan

Bakı

Bakının kəndləri həmişə özünəməxsus mədəniyyəti, şirin ləhcələri və yerli adət-ənənələri ilə seçilib. Bu kəndlərin mətbəxi, məişət üslubu və xüsusilə də tarixi abidələri Azərbaycanın mədəni irs xəzinəsinə töhfə verir. Belə məkanlardan biri də Sabunçu rayonunun Bilgəh qəsəbəsidir.

Seyidağa hamamı – XIX əsrin yadigarı

Yurd.Media Bilgəh kəndində yerləşən XIX əsrə aid tarixi abidələrdən biri – Seyidağa hamamından reportaj hazırlayıb. Bu hamam XIX əsrin sonu – XX əsrin əvvəllərində Bilgəh sakini Seyidağa Məmmədov tərəfindən inşa olunub. Müasir üslubda tikilən hamam iki otaqdan ibarətdir. Hal-hazırda hamamın daxili hissəsinə giriş mümkün deyil, çünki hər tərəfi bağlanıb. Lakin müşahidələr zamanı müəyyən olundu ki, uzun müddət baxımsız qalan ərazi artıq zibildən təmizlənib.

Rəsmi qurumlar bildirir ki, hazırda Bilgəh qəsəbəsində dövlət mühafizəsinə götürülmüş dörd tarixi hamam mövcuddur. Bu abidələrdən ikisi yaşayış evlərinin həyətyanı sahələrində yerləşir. Abidələrin qorunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən nəzarət edilir. Eyni zamanda, bu tarixi tikililərin hər birində bərpa və konservasiya işlərinin aparılmasına ciddi ehtiyac olduğu vurğulanır. Qurumun məlumatına əsasən, həmin abidələrin növbəti ilin investisiya proqramına salınması planlaşdırılır.

Qeyd edək ki, yerli əhəmiyyətli tarixi abidələr bəzən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində ola bilər. Bu halda, mülkiyyətçilər və istifadəçilər abidələrin qorunması, tədqiqi və istifadə olunması ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməlidirlər.

Bilgəhin qədim ovdanı – yerli təşəbbüs və qoruma nümunəsi

Reportaj çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qədim ovdanın da görüntüləri çəkilib. Yol kənarında yerləşən bu abidə zamanla vətəndaşlardan birinin həyətyanı sahəsinə birləşdirilərək hasarlanıb. Sakinin sözlərinə görə, illər öncə şəxsi vəsaiti hesabına ovdanın ətrafını təmizləyib, müəyyən bərpa işləri aparıb.

XIX əsrə aid olduğu bildirilən bu ovdan 40 pilləkəndən ibarətdir. Lakin qrunt sularının səviyyəsinin artması nəticəsində hazırda su təxminən 20-ci pilləkənə qədər qalxıb. Maraqlı məqam ondan ibarətdir ki, ovdandakı suyun tərkibi dəfələrlə laboratoriyada yoxlanılıb və içməyə tam yararlı olduğu müəyyən edilib. Sakin əlavə edir ki, ovdanla maraqlanan ziyarətçilərə qapısını hər zaman açır və bu tarixi məkanı onlara nümayiş etdirir.


Tarixi abidələr bizim keçmişimizin, milli kimliyimizin və mədəni irsimizin daşıyıcılarıdır. Onlara sahib çıxmaq, qorumaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur. Seyidağa hamamı və Bilgəhdəki qədim ovdan yalnız daş divarlar deyil – onlar xalqımızın tarixini yaşadan səssiz şahidlərdir. 

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing