SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Sənətşünas: “Yeləni” Azərbaycan kəlağayı sənətinin ən qədim nümunələrindən biridir

Sənətşünas: “Yeləni” Azərbaycan kəlağayı sənətinin ən qədim nümunələrindən biridir

  • 26 may 2026, 22:48
Naxçıvan

Naxçıvanda, Möminə Xatun türbəsi ətrafında milli-mədəni irsin təbliği, kəlağayı sənətinin gənc nəslə tanıdılması və qədim sənət ənənələrinin yaşadılmasına həsr olunmuş təqdimat baş tutub.

Tədbirdə müxtəlif “Yeləni” kəlağayı nümunələri nümayiş etdirilib, iştirakçılara onların hazırlanma texnikası, ornamentlərinin mənaları və tarixi barədə ətraflı məlumat verilib.

Sənətşünas Xəyalə Rəis Yurd.Media-ya bildirib ki, geniş təqdimatı keçirilən “Yeləni” kəlağayısı Azərbaycan kəlağayı sənətinin ən qədim və ən tanınmış nümunələrindən biridir.

Onun sözlərinə görə, bu kəlağayı növü zəngin ornamentləri, əl basma naxış texnikası və rəng harmoniyası ilə seçilir.

Xəyalə Rəis qeyd edib ki, “Yeləni” adı daha çox kəlağayının kənar hissəsində istifadə olunan xüsusi bəzək üslubunu ifadə edir:

“Bu kəlağayılar ipəkdən hazırlanır, çox yüngül və zərif olur. Üzərində əsasən Azərbaycan mədəniyyətinin mühüm rəmzlərindən sayılan “buta” ornamentləri yer alır. Naxışlar isə ənənəvi üsulla taxta və metal qəliblər vasitəsilə əl ilə vurulur.”

Sənətşünas Xəyalə RəisSənətşünas Xəyalə Rəis

Sənətşünas bildirib ki, “Yeləni” kəlağayılarında haşiyələrin daha zəngin və diqqətçəkən olması onların mərasimlərdə, mədəni təqdimatlarda və xüsusi tədbirlərdə geniş istifadə edilməsinə səbəb olur.

O vurğulayıb ki, bu sənət nümunəsi tarixən Şəki, Basqal, Naxçıvan və Ordubadın qədim ipəkçilik ənənələri ilə sıx bağlı şəkildə inkişaf edib:

“Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.”

Sənətşünas hesab edir ki, bu cür tədbirlər milli dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları