SÜJET
Üzeyir Hacıbəylinin ev-muzeyini tapmaq elə də asan alınmadı. Hətta bəzən müasir texnologiya, məkanı əks etdirən proqram da xeyir eləmir. Gərək elə soruşa-soruşa gedəsən. Dahi bəstəkar ömrünün böyük hissəsini hazırda Şamil Əzizbəyov küçəsində yerləşən və muzeyə çevrilən evində yaşayıb. Bu məhəllələr hələ də vaxtilə Üzeyir bəyi və onun yanına qonaq gələn sənət adamlarını yaxşı xatırlayır. Axı bu köhnə evlər də bir növ canlıdırlar, onların da öz yaddaşı var. Ev-muzeyinə çatmaq üçün “Nizami” metrosundan kiçik bir məsafə qət etmək lazım gəlir, 10 dəqiqəyə məkana yetişmək olar. Məşhur “Çeburaşka” aptekindən yuxarı hərəkət etməklə mənzil başına yetişəcəksən. Açığı, muzeyin burada yerləşdiyi barədə heç bir istiqamətləndirici nişan yoxdur. Yəqin olacaq nə vaxtsa. Muzeyin bir əsas girişi var, bir də həyətdən yol var. Adətən tədbirlər olanda ziyarətçilər elə birbaşa küçə qapısından da evə daxil olurlar. Belədə isə binanı fırlanıb həyətə girməlisən. Üzeyir bəyin gəzib dolaşdığı bu yerlərin hər bir daşı bir xatirədir.
Üzeyir bəyin evi qonaqlı-qaralı olub
Üzeyir Hacıbəylinin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzey bəstəkarın 1915–1942-ci illər ərzində yaşayıb-yaratdığı mənzildə, paytaxtın Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69 ünvanında yerləşir. Rəsmi açılışı 1975-ci il noyabrın 20-də olub. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev şəxsən iştirak edərək muzeyin ilk ziyarətçisi olub.
Muzeyin xoşagəlimli həyəti var, hətta bar verən 1 üzüm və 2 albalı ağacı əkilib. Hazırda ev-muzeyə giriş aynabənd tipli sahədən ibarətdir. Əvvəllər bura mətbəx kimi istifadə olunarmış, yayda isə yemək həyətdə bişirilərmiş. Aynabənddən əsas otağa qapı var. Vaxtilə bura yemək otağı olub, həm də qonaqlarla birgə nahar etmək üçün istifadə edilib. Divarlardakı çoxsaylı fotolar Üzeyir bəyin evinin qonaqlı-qaralı olduğunu əyani sübuta yetirir. Bu otaqda böyük bir masa, həmçinin qədim samovar nümayiş etdirilir. O dövrdə qışda otağı qızdırmaq üçün burada kamin də olub, lakin sonradan yığışdırılıb, yalnız divarda dekor kimi saxlanılıb. Üzeyir bəyin zamanından qalma soyuducu diqqəti cəlb edir. Heç də hər evdə olmayan bu cihazın maraqlı texniki sistemi vardı: yuxarı hissəyə buz qoyulur, buz əridikcə aşağı hissə soyuyurdu.
Fortepiano bu gün də saz vəziyyətdə saxlanılır
Muzeyin əməkdaşları həm diqqətlidirlər, həm də olduqca xoş təsir bağışlayırlar. Muzeylə bağlı verilən heç bir sual cavabsız qalmayacaq. Digər otaq yataq otağıdır. Bura sadə tərtibatlıdır və çəkiliş etmək qadağandır. Otaqda bəstəkarın konsertlərində geyindiyi smokinq yer alıb. Növbəti otaq isə əsasən iş otağıdır. Bu otaqda Üzeyir bəyin istifadə etdiyi fortepiano yer alır. Fortepiano bu gün də saz vəziyyətdə saxlanılır, ara-sıra musiqi alətini usta kökləyir və bəzən tədbirlər zamanı səsləndirilir. Üzeyir bəyin qonaqpərvərliyi ilə seçildiyi üçün bu otaqda bir neçə masa, qədimi radio qurğusu, zəngin kitabxana var. Kitab şkafında xeyli lüğət və digər əsərlər yer alır.
Mənzilin altında zirzəmi yerləşir. Hazırda təmirə ehtiyacı var deyə ziyarətə açıq deyil. Əvvəllər muzeyin kino nümayişləri və kiçik tədbirləri burada keçirilirdi. Üzeyir bəyin sağlığında isə həmin zirzəmidə kasıb bir ailə yaşayıb və bəstəkar onlara dəstək olub.
İstiqamət bildirən nişanlar qoyulsa, yaxşı olar
Muzeydə sonuncu əsaslı təmir-bərpa işləri 2005-ci ildə, Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 120 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən aparılıb. 2007-ci ildə isə yeni inzibati bina tikilib. Hazırda həm memorial, həm də inzibati binanın yenidən əsaslı təmirə ehtiyacı var.
Muzey bir qədər gözdən uzaq, Sovetski ərazisində yerləşdiyindən ziyarətçilər üçün tapılması çətinlik yaradır. Bu problemi həll etmək məqsədilə Bakı Metropoliteni ilə danışıqlar aparılıb, nəticədə “Nizami” metro stansiyasının şəhərə çıxış lövhələrində və monitorlarında Azərbaycan və ingilis dillərində Üzeyir Hacıbəylinin ev-muzeyinə dair məlumat əlavə olunub. Müşahidələr göstərir ki, bu addımlar hələlik problemi tam həll etmir. Bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə də muzeyin yerləşdiyi ərazidə istiqamət bildirən nişanların qoyulması ilə əlaqəli danışıqlar aparılır. Belə olsa, ziyarətçilər üçün yol tapmaq daha da asanlaşa bilər.