Fransanın paytaxtı Parisdə Novruz bayramı münasibətilə Azərbaycan xalça sənətinə həsr olunmuş sərgi keçirilib.
Yurd.Media xəbər verir ki, “Azərbaycan xalçalarında bahar çalarları” adlı sərgi Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyası və “Arts Council Azerbaijan” arasında birgə əməkdaşlıq sayəsində və “İkinci həyat” layihəsi çərçivəsində həyata keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən sərginin açılış mərasimi Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Begən, fransalı iş adamları, incəsənət xadimləri, mədəniyyət nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən səfir Leyla Abdullayeva Azərbaycan xalçaçılıq sənətinin minillik tarixə malik olduğunu, onun xalqın milli kimliyinin ayrılmaz hissəsi sayıldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan xalçaları yalnız məişət əşyası deyil, eyni zamanda xalqın dünyagörüşünü, estetik zövqünü və həyat fəlsəfəsini əks etdirən nadir sənət nümunələridir.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Begən çıxışında nümayiş olunan xalçaların öz incə naxışları, rəng harmoniyası və dərin simvolik mənaları ilə seçilərək Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirdiyini bildirib. O qonaqlara xalçaçılıq sənətinin inkişaf mərhələləri, müxtəlif bölgələrə xas naxış və ornamentlərin mənaları haqqında da ətraflı məlumat verib. J. Begən tədbir iştirakçılarına həmçinin Novruz bayramı və ənənələri barədə də ətraflı məlumat verib.
Bəzi xalçaların bərpası və yenidən istifadəsi ideyası “İkinci həyat” layihəsinin əsas istiqamətlərindən biri kimi xüsusi diqqət çəkib. Bu yanaşma həm mədəni irsin qorunmasına, həm də davamlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir.

Tədbir iştirakçıları sərgini böyük maraqla qarşılayaraq nümayiş olunan eksponatları diqqətlə izləyib, Azərbaycan xalça sənətinin incəliklərini yaxından tanımaq imkanı əldə ediblər. Qonaqlar bu cür tədbirlərin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd ediblər.
Qeyd edək ki, bu sərgi Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təbliği istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, xalçaçılıq sənətinin gələcək nəsillərə ötürülməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Tədbir iştirakçıları, eyni zamanda, Azərbaycan xalqının qədim və zəngin ənənələrini yaşadan Novruz süfrəsinin ətrafında bir araya gələrək bayramın ruhunu yaxından hiss ediblər. Zərifliklə bəzədilmiş süfrədə milli şirniyyatlar — paxlava, şəkərbura, qoğal — xüsusi yer alıb, baharın oyanışını simvolizə edən səməni isə süfrəyə özünəməxsus gözəllik və məna qatıb.