SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Parisdə Azərbaycan mədəni irsi təqdim olunub

Parisdə Azərbaycan mədəni irsi təqdim olunub

Fransanın paytaxtı Parisdə Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı (ADA), Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən və ölkəmizin zəngin mədəni irsinə həsr olunmuş muzeyə ziyarət təşkil edib.

Yurd.Media xəbər verir ki, tədbirin əsas məqsədi fransız auditoriyasına Azərbaycanın çoxəsrlik mədəni irsini, milli-mənəvi dəyərlərini və incəsənət ənənələrini daha yaxından tanıtmaq olub. ADA-nın prezidenti Jerom Begən və baş katibi Mirvari Fətəliyevanın müşayiəti ilə keçirilən bu ziyarət çərçivəsində iştirakçılar Azərbaycan xalqının zəngin tarixi, rəngarəng mədəniyyəti və bənzərsiz incəsənət nümunələri ilə ətraflı şəkildə tanış olublar.

Ziyarət zamanı qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında geniş məlumat verilib, Azərbaycanın müxtəlif dövrlərini əks etdirən maddi-mədəni irs nümunələri onların böyük marağına səbəb olub. Xüsusilə milli geyimlər, tətbiqi sənət nümunələri və tarixi eksponatlar iştirakçılar tərəfindən xüsusi diqqətlə qarşılanıb.

Tədbirdə incəsənət xadimləri, jurnalistlər, tədqiqatçılar, mədəniyyət sahəsi üzrə mütəxəssislər və ictimai fəallar daxil olmaqla, müxtəlif sahələri təmsil edən nümayəndələr iştirak ediblər. Onlar ziyarət zamanı aparılan müzakirələrdə fəal iştirak edərək Azərbaycan mədəniyyətinə dair təəssüratlarını bölüşüblər.

İştirakçıların muzeyə göstərdikləri böyük maraq, səmimi fikir mübadiləsi və müsbət rəyləri tədbirin yüksək səviyyədə təşkil olunduğunu nümayiş etdirir. Bu cür təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması və xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları