Azərbaycan kinosunda son illər yeni yaradıcılıq meyilləri, gənc rejissorların fəallığı və kino istehsalında dəyişən yanaşmalar diqqət çəkir. Lakin bu sahədə inkişafın sürəti hələ də müzakirə mövzusudur. Yurd.Media 2 avqust – Milli Kino Günündə kinorejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarovla müasir Azərbaycan kinosunun vəziyyəti, süni intellektin kino sənayesinə təsiri və sosial şəbəkələrin kino ilə münasibəti barədə söhbətləşib.
– Azərbaycanda bu gün çəkilən filmlərdən razısınızmı?
- Azərbaycan Kinematoqrafçılar İttifaqı çəkilən filmləri daim izləyir. Dəstəyimizlə yaradılan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası da bu yaxınlarda ötən ilin ən yaxşı filmlərinin namizədlərini elan etdi. Həmin siyahı ölkə kinosunda hansı proseslərin getdiyini aydın şəkildə göstərir. Azərbaycanda hər il orta hesabla 20 film nümayişə çıxır. Sevindirici haldır ki, yalnız komediyaların üstünlük təşkil etdiyi dövr artıq geridə qalıb. Bu gün sosial dramlar, romantik komediyalar, psixoloji dramlar çəkilməyə çalışılır. Namizədlər arasında tamaşaçı marağını nəzərə almayan radikal müəllif kinosu da vardı, sosial problemləri qaldıran müəllif filmləri də, eyni zamanda kommersiya uğuru qazanmağa çalışan situativ komediyalar da. Bu baxımdan prosesdən razıyam. Azərbaycan kinosu bu gün əsasən orta və gənc nəslin hesabına ayaqda dayanır. Onlar məsuliyyəti daha çox hiss edirlər. Təsadüfi deyil ki, yayıma çıxan filmlərin əksəriyyətinin rejissorları 25-55 yaş aralığındadır. Onlar artıq keyfiyyətli, Azərbaycanın hüdudlarını aşa biləcək filmlər çəkir, dünya premyeralarını Avropa və Şərqi Avropanın beynəlxalq festivallarında keçirirlər. İstiqamət düzgündür, amma bir problemimiz var: biz beş ilə əldə edə biləcəyimiz nəticəni on altı ilə əldə edirik. Yəni inkişafın istiqaməti doğrudur, sadəcə sürət aşağıdır. İstərdim ki, yaşlı nəslin nümayəndələri – əlbəttə hamısı yox – dövlət və tamaşaçı qarşısında məsuliyyəti daha çox hiss etsinlər. Gənc nəsil isə maliyyədən və şəraitdən asılı olmayaraq film çəkir, problemləri qaldırır. Bəzən ssenari zəif olur, bəzən rejissor işi tam alınmır, amma yenə də onlar öz sözlərini deməyə çalışırlar. Yaşlı nəslin arasında gənclərə dəstək verən çox dəyərli insanlar var, lakin elələri də var ki, proseslərin ləngiməsinə səbəb olurlar.

– Süni intellektin sürətlə inkişaf etdiyi və bütün sahələrə təsir etdiyi bir dövrdə onun kinoya təsiri barədə nə düşünürsünüz?
- Məncə, burada "intellekt" sözü tam doğru deyil. Süni intellekt dediyimiz əslində platforma və mexanizmdir. Onun müstəqil yaradıcılıq, qərarvermə və yeni fikir yaratmaq qabiliyyəti yoxdur. O, sadəcə mövcud məlumat bazalarından istifadə edir və hesablamaları daha sürətli həyata keçirir. Məsələn, Mirzə Ələkbərin üslubuna bənzər şeir yaza bilər, çünki həmin nümunələr artıq mövcuddur. Amma tamamilə yeni və orijinal yaradıcılığı özü yarada bilməz. Mən onu bir alət kimi qəbul edirəm. Xüsusilə tarixi və fantastik filmlərdə vizual effektlərin hazırlanmasını, kompüter qrafikası tələb edən səhnələrin yaradılmasını sürətləndirə bilər. Amma aktyorun süni intellekt vasitəsilə yaradılmasının tərəfdarı deyiləm. Süni intellekt heç vaxt Culianne Moore, Al Paçino, Robert De Niro, Fuad Poladov və ya Qurban İsmayılovun yaratdığı emosional təsiri verə bilməz. Yaradıcı prosesdə süni intellektdən istifadənin əleyhinəyəm. O, heç vaxt insanın yaradıcılığını əvəz edə bilməz. Yalnız texniki və icraedici funksiyaları – maliyyə hesablamalarını, qrafik işləri və digər köməkçi prosesləri sürətləndirə bilər. İnsan yaradıcılığı tələb olunan yerdə isə onun istifadəsini düzgün hesab etmirəm. Hətta rəhbərlik etdiyim nəşrlərdə dizaynerlərə tapşırıram ki, üz qabıqlarında süni intellektdən minimum istifadə etsinlər. İş yerlərinin kütləvi şəkildə yox olacağı ilə bağlı apokaliptik proqnozlara da inanmıram. İnsan təsadüfən yaranmayıb. İnsanı yaradan qüvvə bəşəriyyətin ssenarisinidə yazıb və hər şey həmin ssenari üzrə davam edəcək. Süni intellektin bu ssenariyə müdaxilə etmək imkanı yoxdur.

– Sosial şəbəkələr, xüsusilə TikTok, YouTube və Instagram qısa videolar vasitəsilə böyük auditoriya toplayır. Sizcə, onlar tammetrajlı filmlərlə rəqabət apara bilərmi?
- Rilslərdə əsasən sosial problemlər qaldırılır. Operativ məlumatlandırma, hadisələrin tez çatdırılması və insanların bilmədiyi mövzuların izahı baxımından onların rolu böyükdür. Amma onlar heç vaxt "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim" və ya "Nəsimi" kimi filmləri əvəz edə bilməzlər. Əslində buna ehtiyac da yoxdur, çünki onların funksiyası tamamilə fərqlidir. Sosial şəbəkələr insanları bir araya gətirir, ünsiyyəti gücləndirir. Məsələn, 44 günlük Vətən müharibəsində informasiya mübarizəsinin mühüm hissəsi sosial platformalarda aparılırdı. Ermənistanla informasiya savaşı əsasən rusdilli internet məkanında gedirdi və azərbaycanlı bloqerlər, jurnalistlər, reportajlar, rilslər və digər məzmunlar bu mübarizədə üstünlük qazandı. Qısa videolar, reportajlar və digər sosial media məhsulları cəmiyyət üçün müəyyən funksiyanı yerinə yetirə bilər. Amma onlar heç vaxt ciddi sənədli və ya bədii kinematoqrafiyanı əvəz edə bilməz. Bunu fastfudla müqayisə etmək olar. Rilslər və qısa videolar fastfuddur – dadlıdır, cəlbedicidir, amma çox istifadə ediləndə zərərlidir. Keyfiyyətli kino isə sevgi ilə hazırlanmış sağlam yemək kimidir. Bu gün insan beyni qısa videolara alışdığı üçün bəzən iki saatlıq filmi izləməkdə çətinlik çəkir. Amma bu o demək deyil ki, qısa videolar kitabı və ya filmi əvəz edə bilər. Pandemiya dövrü də göstərdi ki, insanlar bir-biri ilə ünsiyyət üçün yaradılıb. İyirmi nəfərlə birlikdə kinoteatrda film izləməyin verdiyi hissi təkbaşına telefonda rils izləməklə almaq mümkün deyil. Eyni şəkildə Anarın və ya İsa Hüseynovun əsərlərini oxumağın verdiyi zövqü sosial şəbəkədə oxunan qısa status əvəz etmir. Hər şeyin öz yeri var və biri digərinin yerini tuta bilməz.
FOTO: Sadıq Əliverdibəyli