SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İradə Gözəlova: Rejissor tamaşanın mərkəzidir, amma işində sərtlik olmamalıdır - MÜSAHİBƏ

İradə Gözəlova: Rejissor tamaşanın mərkəzidir, amma işində sərtlik olmamalıdır - MÜSAHİBƏ

Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Kimdir müqəssir”, “Lara Martin’s Jazz Club”, “Anamın kitabı”, “Qadınım” kimi tamaşaların quruluşçu rejissoru İradə Gözəlova Yurd.Media-ya müsahibə verib.

— Bu gün hər bir teatrın əsas çətinliyi auditoriyaya bağlıdır. Tamaşaya daha çox kimlər gəlir: gənclər, yoxsa yaşlı nəsil?

— Auditoriya tamaşadan asılı olaraq dəyişir. Klassik əsərlərə əsasən orta və yaşlı nəsil üstünlük verir. Amma repertuarımızda janr və dil müxtəlifliyi artdıqca gənclərin də marağı yüksəlir. Xüsusilə ingilis dilində təqdim olunan tamaşalara gənclər böyük həvəslə gəlirlər. Bu müxtəliflik ümumilikdə auditoriyanı genişləndirir və teatra rəngarəng tamaşaçı gətirir. Əslində əvvəlki yanaşma da dəyişib, dünyanın hər yerində klassik tamaşanı müasir yöndə təqdim etmək daha uyğun sayılır. Biz də müasir trendlərə uyğun quruluş verməyə çalışırıq. Elə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini tam olaraq dövrün tələbinə görə hazırlamışıq.

— Teatr bu gün tamaşaçı cəlb etmək üçün hansı yeniliklərə əl atır?

— Əvvəllər yalnız komediya janrında fəaliyyət göstərirdik, indi isə sərbəst repertuar siyasəti yürüdürük. Bu, bizə müxtəlif janrlarda işləməyə imkan verir. Tamaşaları Azərbaycan, rus və ingilis dillərində təqdim edirik. Bu yanaşma həm yerli, həm də xarici auditoriyanı cəlb etməyə kömək edir. Yeniliklərdən biri də tamaşaçıları tam olaraq prosesə cəlb etməkdən keçir. Aktyorlar zaldan səhnəyə, bəzən isə əksinə hərəkət edirlər.

— Müxtəlif janrlarda işləmək bir rejissor kimi sizin üçün nə dərəcədə çətindir?

— Bu, illərlə keçdiyimiz inkişaf yolunun nəticəsidir. Sovet dövründə əsasən rus dilinə üstünlük verilirdi, müstəqillikdən sonra Azərbaycan dili ön plana çıxdı, bu gün isə ingilis dili də geniş istifadə olunur. Xarici dillərin sintezi tamaşalara yeni ifadə imkanları qazandırır. Məsələn, “Anamın kitabı” tamaşası ingilis dilində olsa da, səviyyəli aktyor oyunu sayəsində hər kəs üçün anlaşılandır.

— Yaradıcılıqda nə dərəcədə sərbəstsiniz? Rəhbərliyin hansısa müdaxiləsi olurmu?

— Əsasən sərbəst işləyirəm. Məsələn, “Anamın kitabı” tamaşası Mədəniyyət Nazirliyinin xüsusi sifarişi ilə hazırlanmışdı. Həmin layihə çərçivəsində aktyorlar ingilis dili üzrə biliklərini nümayiş etdirməli idilər. Biz bu tamaşa ilə beynəlxalq festivalda iştirak edərək mükafat da qazandıq. Bu tamaşa ilə dünyanın istənilən səhnəsində çıxış də bilərik.

— Sizcə, yerli teatrla dünya teatrı arasında əsas fərq nədir?

— Mənim fikrimcə, bəzi tamaşalarımız dünya səviyyəsindədir və xaricdə də uğurla təqdim oluna bilər. Sadəcə klassik əsərləri müasir baxışla təqdim etmək vacibdir. Gənclər üçün tamaşanı yeni nəfəsdə təqdim etmək lazımdır, yəni mahiyyətini itirmədən quruluş verilməlidir.

— Rejissorun əsas vəzifəsi nədir?

— Rejissor tamaşanın mərkəzidir, amma işində sərtlik olmamalıdır. Klassik teatrda rejissor həmişə bir hakim mövqedə idi. Nə dedisə, elə də olmalı idi. Hazırda vəziyyət dəyişib, teatr mühit xeyli yumşalıb. Düşünürəm, tamaşanın uğuru naminə aktyor ideyaya “yoluxmalıdır”. Biz birlikdə işləyirik, müzakirə edirik. Müasir aktyorlar savadlı və müstəqildir, onları məhdudlaşdırmaq yox, inkişaf etdirmək lazımdır.

— Gənc və təcrübəli aktyorlarla işləmək arasında fərq varmı?

— Əgər aktyor ideyanı qəbul edirsə, yaş fərqi önəmli deyil. Gənclərlə işləmək daha asandır, çünki onlar yeniliyə açıqdır. Sovet məktəbində yetişmiş aktyorlar isə daha mühafizəkar yanaşma nümayiş etdirirlər. Digər tərəfdən yaşından asılı olmayaraq, aktyorun istedadı, bacarığı da önəmlidir.

— Elə tamaşalar olubmu ki, sonradan onları dəyişmək istəmisiniz?

— Əlbəttə. Vaxt keçdikcə baxırsan və düşünürsən ki, bəzi məqamları daha yaxşı etmək olardı. Bu, inkişafın normal hissəsidir.

— Tamaşalarda musiqi seçimini necə edirsiniz?

— Mən həmişə aktyorların potensialına güvənirəm. Kim nəyi daha yaxşı ifa edirsə, onu nəzərə alıram. Musiqini çox vaxt aktyorlarla birlikdə seçirik. Bu, daha səmimi nəticə verir.

Xarici ölkələrdə işləmək dil baxımından çətinlik yaradırmı?

— Gürcüstanda müəyyən çətinlik olmuşdu, amma digər ölkələrdə problem yaşamadım. Türkiyədə dil baryeri yox idi, Ukrayna və Rusiyada da eyni. Gələcəkdə Avropa səhnələrinə çıxmaq istəyirəm və bu istiqamətdə çalışıram.

— Öz teatrınızı yaratmaq planınız varmı?

— Bəli, gələcəkdə öz teatrımı yaratmaq istəyirəm. Universitetdə dərs deyirəm və çox istedadlı tələbələrim var. Amma bunun üçün maliyyə və dəstək lazımdır.

— Tamaşaçı sayını artırmaq üçün nə etmək lazımdır?

— Teatr marketinqi daha peşəkar olmalıdır. Hər tamaşa üçün ayrıca reklam strategiyası hazırlanmalıdır. Bundan əlavə, prodüser mərkəzlərinin yaradılması və marketoloqların teatr sahəsinə uyğun ixtisaslaşması vacibdir.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları