SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İlk ali təhsilli azərbaycanlı memar: Zivər bəy Əhmədbəyov

İlk ali təhsilli azərbaycanlı memar: Zivər bəy Əhmədbəyov

Azərbaycan memarlıq  mədəni irsi öz zənginliyi və gözəlliyi ilə göz oxşayır. O memarlıq nümunələrini yaradanlardan biri də Zivər bəy Əhmədbəyovdur. O ilk ali təhsilli azərbaycanlı memar olması ilə digərlərindən fərqlənir.

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1907-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləyib. Zivər bəy Cümhuriyyət dövründə Bakının baş memarı olmuşdur və 1922-ci ilə kimi bu vəzifədə qalmışdır. Onun gördüyü sayısız memarlıq irsi bunlardır: Bakıda Təzəpir məscidi, Əjdərbəy məscidi, Səadət məktəbi və Uşaq xəstəxanası( indiki Elmi-Tədqiqat ana və uşaq mühafizəsi institutu), Əmircanda yerləşən Murtuza Muxtarov məscidi, Şamaxıda Cümə məscidinin bərpası, Göyçayda Əbülfəzlil Abbas məscidi və başqaları da bu siyahıya daxildir.

Onun Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z. Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün qalmaqdadır.

1917-ci ildə Z. Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.

Zivər bəy Əhmədbəyovun Şamaxıdakı iki evindən biri bugünədək qorunub saxlanılır. Şirvanşah İbrahim küçəsində yerləşən və Əhmədbəyovun öz layihəsi əsasında tikilən bu bina qış evi kimi istifadə edilib. Sonralar satılan və Sovet rejimində istismar olunan tikili daha sonra sahibləri tərəfindən yenidən əldə edilib.

26 may 2011-ci ildə Bakıda “Nizami” metrostansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

Onun irsinin qorunması, gələcək nəsillərə ötürülməsi çox vacibdir. Azərbaycan memarlığında dərin iz qoymuş şəxsiyyət hər bir azərbaycanlı üçün bir nümunədir. Onun izindən getməyi düşünən gənclər üçün ilham mənbəyidir.

Prime Leasing