Dünyanın ən tanınmış aktyorlarından biri şübhəsiz ki, Çarli Çaplindir. Səssiz kino dövrünün əfsanəsinə çevrilən aktyorun yaratdığı “Avara” (The Tramp) obrazı bu gün də dünyanın müxtəlif ölkələrində yaşayır. Onun məşhur papağı, əsası və bığları ilə tanınan personajı artıq təkcə kino qəhrəmanı deyil, həm də xeyirxahlıq, humanizm və sadəliyin rəmzi hesab olunur.
Bu obrazı yaşadan insanlardan biri də azərbaycanlı Ceyhun Sadıxdır. Özünü “Bakılı Çarli Çaplin” adlandıran o, Yurd.Media-ya açıqlamasında bildirib ki, məqsədi insanlara sevinc bəxş etmək və sülh mesajı yaymaqdır.

“Mən bu obrazı həmişə sevmişəm. Ətrafımdakı insanlar da məni çox vaxt ona oxşadırdılar. Özüm də zarafatcıl adamam. Bir gün onun geyimini geyinib küçəyə çıxdım və gördüm ki, insanlar baxıb gülür, sevinir. Düşündüm ki, bu yaxşı işdir. Mən bu obrazda təlxəklik edirəm, insanlarda müsbət emosiyalar yaradıram. İnsanların aldığı o müsbət enerji mənim ən böyük qazancımdır”, – deyə Ceyhun Sadıx bildirib.
Paytaxtın mərkəzi küçələrində onun görünməsi hər zaman maraqla qarşılanır. Həm Bakı sakinləri, həm də turistlər ona yaxınlaşır, şəkil çəkdirir, söhbət edir və “Baxın, Çarli Çaplin gəlib” deyərək gülümsəyirlər.

1970-ci ildə Bakıda anadan olan Ceyhun Sadıx özünü sakit təbiətli insan kimi xarakterizə etsə də, daxilində bir “inqilabçı ruh” yaşadığını deyir. Onun sözlərinə görə, bu inqilabın silahı nifrət deyil, sülh, sevgi və sevincdir.
“Mən bu obrazla dünyanın yarısını gəzmişəm. Avropadan Asiyaya qədər müxtəlif ölkələrdə olmuşam. Harada olmuşamsa, münaqişələrin müharibə ilə deyil, sülh yolu ilə həll edilməsini təbliğ etmişəm. Əgər heç olmasa bir insanın ürəyinə bunu sala bilirəmsə, deməli, məqsədimə çatmışam”, – deyə o qeyd edib.

Bu gün dünyada baş verən müharibələr və münaqişələr insanları ruhdan salır, ümidsizliyə sürükləyir. Belə bir dövrdə sadə bir təbəssümün belə böyük dəyəri var.
Ceyhun Sadıx bununla bağlı maraqlı bir hekayəni xatırladır:
“Bir insana cəhənnəmi və cənnəti göstərirlər. Hər iki yerdə gözəl nemətlər və çox uzun qaşıqlar var. Cəhənnəmdə insanlar həmin qaşıqlarla özlərini yedizdirə bilmədikləri üçün ac qalırlar. Cənnətdə isə çıxış yolu tapıblar – bir-birlərini yedizdirirlər. Bu nümunə göstərir ki, insan yalnız özünü düşündükdə heç nəyə nail ola bilmir. İnsanlar birlikdə, əl-ələ verəndə isə xoşbəxt olurlar”.

O vurğulayır ki, bu işi heç vaxt pul naminə görməyib. Əsas qazancının insanların yaddaşında xoş xatirə kimi qalmaq olduğunu deyən Ceyhun Sadıx xarici ölkələrdə çıxış etmək üçün maliyyə dəstəyinə ehtiyac duyduğunu da gizlətmir.
“Mən xaricdə azərbaycanlı sülhməramlı Çarlini təmsil etməyə hər zaman hazıram. Bunun üçün müəyyən maliyyə dəstəyinə ehtiyacım var. Özüm vegeterianam, çox tələbkar insan deyiləm. Kiçik bir pansionatda qalaraq xarici ölkələrin küçələrində Bakılı Çarli kimi çıxış etmək istəyirəm”, – deyə o bildirib.

Bakılı Çarli Çaplinin üç böyük arzusu var. Bunlardan birincisi dünyada sülhün bərqərar olmasıdır.
“İlk arzum bütün dünyada əmin-amanlığın olması, müharibələrin dayandırılmasıdır. İkinci və üçüncü arzularım isə Çarli Çaplinlə bağlıdır. Bir gün İsveçrənin Vevey şəhəri yaxınlığındakı Corsier-sur-Vevey qəbiristanlığında dəfn olunmuş böyük aktyorun məzarını ziyarət etmək istəyirəm. Digər arzum isə Çaplinin doğulduğu İngiltərəyə səfər etməkdir. O, 1889-cu ildə Londonun Uolvort rayonunda anadan olub. İstəyirəm ki, onun doğulduğu və böyüdüyü küçələrdə bu obrazla çıxış edim”, – deyə Ceyhun Sadıx bildirib.

Qeyd edək ki, Çarli Çaplin 16 aprel 1889-cu ildə Londonda anadan olub. O, aktyor, rejissor, ssenarist və bəstəkar kimi dünya kinosunun inkişafında mühüm rol oynayıb. “Qızıl axtaranlar”, “Şəhər işıqları”, “Müasir zamanlar” və “Böyük diktator” filmləri ilə milyonlarla tamaşaçının sevgisini qazanan sənətkar 25 dekabr 1977-ci ildə vəfat edib.
Bəlkə də dünyanı bir anda dəyişmək mümkün deyil. Lakin insanlara sevinc bəxş edən, onları bir anlıq da olsa qayğılardan uzaqlaşdıran insanlar həmişə cəmiyyət üçün dəyərlidir. Ceyhun Sadıx kimi insanlar sayəsində insanlar bir anlıq özlərini ağ-qara filmlərin qəhrəmanları kimi hiss edir, gündəlik problemlərdən uzaqlaşaraq təbəssüm etməyi bacarırlar. Sülh, sevgi və təmənnasız sevinc fəlsəfəsi ilə yaşayan insanların sayı çox olmasa da, onların missiyası həqiqətən də sərhədsizdir.
FOTO: Sadıq Əliverdibəyli