SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycanlı rəssamların əsərləri Parisin möhtəşəm Böyük Sarayında - FOTO

Azərbaycanlı rəssamların əsərləri Parisin möhtəşəm Böyük Sarayında - FOTO

  • 15 fevral 2026, 19:41

Parisdə yerləşən möhtəşəm Böyük Sarayda İncəsənət Kapitalı çərçivəsində “Salon des Indépendants” beynəlxalq sərgisində müxtəlif ölkələrin rəsm əsərləri ilə yanaşı yanaşı Azərbaycan incəsənətinin də nümunələri yer alıb.

Yurd.Media xəbər verir ki, Azərbaycanı tanınmış rəssamlar Əsmər Nərimanbəyova və Rövşən Nur təmsil ediblər. 

Əsmər Nərimanbəyova — Azərbaycan Xalq rəssamı adına layiq görülmüş, Fransada yüksək səviyyəli mükafatlarla təltif olunmuş tanınmış sənətkardır. O, fovizm, impressionizm, postimpressionizm, kubizm və ekspressionizm daxil olmaqla müxtəlif bədii üslublarda özünəməxsus estetik dil formalaşdırmağa nail olub. Rəssamın əsərləri dünyanın müxtəlif qalereya və kolleksiyalarında nümayiş olunub. Azərbaycanlı rəssamın Parisdə, UNESCO-nun qərargahında və digər beynəlxalq məkanlarda fərdi sərgiləri keçirilib. Onun yaradıcılığı Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verib.

Rövşən Nur isə Estoniyada yaşayan azərbaycanlı rəssamdır. O, Bakıda təhsil alıb və Estoniyada, eləcə də Avropanın müxtəlif ölkələrində uzun illər sənət fəaliyyəti göstərib. Rövşən Nur unikal üslubu və parlaq rəng palitrası ilə seçilir. O, Azərbaycan milli motivlərini müasir bədii yanaşma ilə sintez edərək ABŞ, Lüksemburq, Fransa, Monako, İsveç və İtaliyada keçirilən fərdi və kollektiv sərgilərdə iştirak edib. O, eyni zamanda Estoniyada Azərbaycan incəsənətinin tanıdılması istiqamətində fəal fəaliyyət göstərib.

Bu iki sənətkarın belə bir tədbirdə iştirakı Azərbaycan təsviri sənətinin beynəlxaq miqyasda təmsil olunması baxımından böyük əhəmiyyət daşıyır. 

Qeyd edək ki, 1884-cü ildə əsası qoyulan “Salon des Indépendants” azad yaradıcılığa əsaslanan “Münsifsiz və mükafatsız” prinsipi ilə sənət tarixində dönüş nöqtəsi hesab edilir. Bu beynəlxalq tədbir postimpressionizm, fovizm və kubizm kimi istiqamətlərin inkişafında xüsusi yer oynayıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları