Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəm könüllüləri”nin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfəri təşkil olunub.
Yurd.Media xəbər verir ki, səfər çərçivəsində könüllülər mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif keyslərlə bağlı məlumat əldə edib və intellektual oyunda iştirak ediblər.
Məlumata görə, proqram çərçivəsində könüllülər üçün Qəbələ Arxeoloji Mərkəzinə də səfər təşkil olunub. Burada iştirakçılar arxeoloji eksponatlarla tanış olub, Azərbaycanın qədim tarixini əks etdirən nümunələr barədə məlumatlandırılıblar.
Səfər zamanı iştirakçılara SEBA və Baku Media Centerin təşkilatçılığı ilə ərsəyə gələn “Qədim Qəbələ” sənədli filmi də təqdim olunub.
Qeyd edək ki, “Ailəm könüllüləri” layihəsi gənclərin sosial fəaliyyətlərə cəlb olunması, ailə dəyərlərinin təbliği və maarifləndirici təşəbbüslərin genişləndirilməsi məqsədilə həyata keçirilir.