Son günlər sosial şəbəkələrdə bir sıra "Unibank" müştərilərinin kartdan-karta köçürmə və nağdlaşdırma limitlərinin artırılması ilə bağlı verilən vədlərin nəticəsiz qalması iddia olunur. Müştərilər müəyyən şərtlərin yerinə yetirilməsinə baxmayaraq, vəd edilən limit artımının tətbiq olunmadığını bildirirlər.
Məsələ ilə bağlı "Unibank"dan Yurd.Media-ya bildirilib ki, hazırda Bankda dövriyyə tələbindən asılı olmayaraq, kartdan karta köçürmələr və "Unibank" kartları ilə bankın bankomatlarından nağdlaşdırma 2000 manatadək komissiyasız həyata keçirilir:
"Ay ərzində nağdsız dövriyyəsi 500 manatdan az olan, yaxud "Unibank"da 3000 manatdan az əmanəti və ya orta aylıq kart qalığı 1000 manatdan az olan müştərilər üçün 2000 manatdan artıq məbləğin nağdlaşdırılmasına 1% (minimum 1 manat) komissiya tətbiq edilir.
Qeyd olunan tələblərdən hər hansı birini yerinə yetirən müştərilər növbəti ayın 1-dən etibarən ATM-lərdən öz vəsaitlərini komissiyasız nağdlaşdıra bilirlər. Komissiya tətbiq ediləcək müştərilərə isə bununla bağlı hər ayın 1-i "UBank" tətbiqi vasitəsilə məlumat verilir".
O da qeyd olunub ki, "Unibank" kartları arasında köçürmələr komissiyasızdır. "Unibank" kartlarından digər bank kartlarına edilən köçürmələrdə isə 2000 manatadək əməliyyatlar komissiyasız, yuxarı məbləğlər üçün isə 1% (minimum 1 manat) komissiya tətbiq olunur.