SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Terminal işləmir” bəhanəsi: nağdsız ödənişdən imtinanın səbəbləri və cəzaları - ARAŞDIRMA

“Terminal işləmir” bəhanəsi: nağdsız ödənişdən imtinanın səbəbləri və cəzaları - ARAŞDIRMA

"Terminal işləmir", "internet zəifdir", "kartla ödəsəniz vaxt gedəcək"...  Bakıda bir sıra iaşə və ticarət obyektlərində istehlakçılar nağdsız ödəniş xidmətindən istifadə etmək istəsələr də, bəzi sahibkarlar nağd ödənişə üstünlük verirlər. Bu yalnız bəhanədir ya onlara sərf edən sistem?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yurd.Media-ya bildirib ki, hökumətin ciddi iqtisadi siyasətlərindən biri nağdsız ödənişlərin təşfiqidir:

"İstehlakçı ödənişi istəsə nağd, istəsə də nağdsız ödəyər. Ona görə sahibkarların istehlakçıya elə şərt qoyması qeyri-qanunidir. Əgər istehlakçı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edərsə, qarşı tərəfi mütləq cərimə gözləyir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub HüseynovAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

E.Hüseynov sahibkarların nağd ödənişlərə üstünlük vermələrinin səbəbini də açıqlayıb:

"Sahibkarlar ona görə nağdsız ödənişə üstünlük verirlər ki, ƏDV ödəməkdən yan keçsinlər, yoxlamalar zamanı pul izlədilə bilər və s. Eyni zamanda nağd pul dövriyyəsini artırsınlar. Bu istehlakçı hüquqlarının pozulmasıdır, dövlətin iqtisadi siyasətinə ziddir".

Bəs bu qanunu pozan sahibkarları hansı cəza gözləyir?

Hüquqşünas Roman Qaraşov Yurd.Media-ya bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə, ictimai iaşə və ticarət obyektlərində nağdsız ödəniş vasitələrinin (POS-terminal və digər elektron ödəniş alətləri) tətbiqi sahibkar üçün hüquqi öhdəlik xarakteri daşıyır və istehlakçının bu imkandan istifadə hüququnun məhdudlaşdırılması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun, habelə vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir:

"Bu cür pozuntular aşkar edildikdə sahibkarlar barəsində ardıcıl olaraq 1000 manat, 3000 manat və 6000 manat məbləğində maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur və nəzarət orqanları tərəfindən inzibati nəzarət tədbirləri gücləndirilir".

Hüquqşünas Roman QaraşovHüquqşünas Roman Qaraşov

Hüquqşünas onu da qeyd edib ki, mövcud praktika göstərir ki, bəzi sahibkarların nağdsız ödənişlərdən yayınmağa üstünlük verməsinin əsas motivlərindən biri dövriyyənin müəyyən hissəsinin rəsmi uçotdan kənarda saxlanılması və beləliklə, vergitutma bazasının süni şəkildə azaldılması cəhdidir:

"Nağdsız əməliyyatlar maliyyə nəzarəti baxımından tam şəffaflıq təmin etdiyi halda, nağd ödənişlər üzərində nəzarət nisbətən məhdud olur. Bu yanaşma isə yalnız fiskal intizamın pozulmasına deyil, həm də bazarda qeyri-bərabər rəqabət mühitinin formalaşmasına, dövlət büdcəsinə daxilolmaların azalmasına və nəticə etibarilə istehlakçı hüquqlarının məhdudlaşdırılmasına səbəb olur" - deyə o bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları